Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.

"AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sözügedən “Ramin Nur” şadlıq sarayı “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovundur.

Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb.

Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı saytımıza şikayət daxil olmuşdu.

Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir.

***

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçirib.

"AzPolitika” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.