Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri 

Yuli Sezarın tarixlərdə qalan “Rubikonu keçmək” məsəli Romada necə ki, mühüm və yeni bir mərhələnin əsasını qoymuşdu, Corc Vaşinqtonun şəxsi tərcümeyi-halında Delaveri keçmək də böyük bir şəxsiyyətin və gələcək dünya super dövlətinin qurulmasına keçid qədər asan görünə bilərdi. Amma Delaverin bu sahilindəki soyuq dekabr günündə çayın üzünü buz tutması səbəbindən Amerika ordusu digər sahilə nisbətən rahat keçə bildi.

Bu keçidin sonrakı qlobal siyasətdə adı müstəmləkədən imperiyaya keçid kimi anılacaqdı. Çünki onadək çayın sol sahilində özü müstəmləkə olan Amerika qüvvələri Britaniya imperiyasına xidmət edən muzdlu alman-hessian ordusunu darmadağın etmişdi. Milad gecəsi qazanılan bu qələbə ümumi qələbənin miladına çevrilmişdi.

Rəssam Emanuel Loytsun 1851-ci ildə ərsəyə gətirdiyi “Vaşinqton Delaveri keçir” adlı rəsm əsəri hərraclarda 20 milyon dollarlıq qiyməti ilə dəyərini bir daha sübut etmiş oldu.

Bu qısa giriş xarakterli mətndə gördük ki, bir lider dövləti necə yaradır və yaratdığı dövlətin xalqı onun ölməz abidəsini necə ucaldır — həm rəsmlərdə, həm də hekayələrdə.

Yalnız böyük liderlərə məxsus olan hekayələr demək olar ki, oxşardır, bir-biri ilə eynidir. 1940-cı ilin may ayı idi. Fransa süqut etmiş, nasist Almaniyası Avropanı fəth edirdi. Britaniya isə tək qalmışdı.

Məhz həmin anda siqar çəkən, qoca görkəmli, amma ruhu polad kimi möhkəm bir adam — təkbaşına müqavimətin simvoluna çevrilmiş Çörçill — tarixi bir məqamda ölkənin baş naziri oldu. Bu hadisəni sadəcə “sosial sifariş” adlandırmaq azdır. Tarix çox vaxt simvolizmi və dramatizmi sevir. Amma nədənsə, ondan əvvəl baş nazir olan qorxaq Çemberlen də, onun sələfi olan islahatçı Klement Ettli də alman Messerschmitt təyyarələrinin Londona təxminən 100-ə yaxın hava hücumu zamanı tökdüyü bombalar nəticəsində 40 mindən çox mülki sakinin həlak olduğu “Blitz” hərbi kampaniyaları dövründə baş nazir ola bilmədilər.

Sözügedən dəhşətli günlərdə heç bir lider Çörçil kimi xalqa "qan, zəhmət, göz yaşı və tər" vəd edə bilməzdi, üsətəgəl, əvəzində "Biz heç vaxt təslim olmayacağıq!" kimi o dövr üçün uğursuz romantik ifadə deyə bilməzdi.

Sadəcə Vaşinqton və Çörçillin üzərindən gətirdiyimiz analogiyalar da göstərir ki, hər xalqa yaradıcı lider məxsus deyil. Ancaq böyük toplumlar lider, rəhbər yetişdirə bilir və məhz onların sayəsində dövlət çağ atlayır.

Azərbaycanın Vaşinqtonu, Çörçilli – Əliyev nə etdi?

2020-ci ilin sentyabr ayı. Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsi yenidən alovlandı. Ermənistan tərəfindən işğal altında olan Azərbaycan torpaqları — Qarabağ və ətraf rayonlar — illərdir danışıqlar masasında qalmışdı. “Danışıqlar dövrü” adı altında yüzlərlə əsgər şəhid olmuş, arada baş verən toqquşmalar da öz yerini tutmuşdu. Təsis edilmiş regional durum hər iki ölkəyə ağır zərbə vurmuşdu. Məhz bunun nəticəsində Qafqazda üç gücdən heç biri dominant mövqe tuta bilməmişdi.

Uzun-uzadı davam edən Qarabağ danışıqlarından geriyə boş qalmış masaların fotoları qalmış, tirajlanmışdı. Məşhur Rambuye rüsvayçılığı münasibətlərdə qırılma nöqtəsi idi. Bu, hələ danışıqlar masası idi; erməni liderinin qaçışı isə sonradan dövlətin də meydandan ağır vəziyyətdə geri çəkilməsi ilə tamamlanacaqdı. Lakin həmin mərhələdə artıq heç bir irəliləyiş yox idi.

2020-ci ilin hərbi kampaniyasının impulsları olan Aprel döyüşləri, Tovuz hadisələriavqust toqquşmaları savaşın yetişdiyinin bariz sübutu idi.

Ölkə, təxminən 300 il sonra müstəqil durumda olmaqla yanaşı, siyasi, ideoloji və hərbi elitaya, ən əsası isə möhkəm vizyonu olan liderə — sərkərdəyə malik idi. 27 sentyabr səhəri başlayan əks-hücum əməliyyatı, Ohanyan xəttinin yarılması bizim tariximizin Delaveri, Rubikonu idi və Əliyev döyüş meydanında Ali Baş Komandan kimi tarixi missiyasına başlayırdı.

Bu, 44 günlük İkinci Qarabağ Müharibəsi idi — Azərbaycan tərəfindən “Vətən Müharibəsi” adlandırılan döyüşlər.

Buna qədər isə biz başqa bir Əliyevi müşahidə edirdik. O, atası Heydər Əliyevin mirasını davam etdirərək, illər ərzində ordunu sistemli şəkildə modernləşdirmişdi. Türk və İsrail istehsalı dronlar, qabaqcıl silah sistemləri və strateji planlaşdırma nəticəsində Azərbaycan Silahlı Qüvvələri sürətlə irəlilədi.

27 sentyabrda başlayan müharibə zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları azad edildi. 8 noyabrda isə strateji əhəmiyyətli Şuşa şəhəri ələ keçirildi — bu, müharibənin dönüş nöqtəsi oldu. Çünki Şuşa Qarabağın “qapısı” idi.

Ermənistan tərəfi ağır itkilər verdi və 10 noyabrda Rusiya vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalandı. Azərbaycan işğal altındakı torpaqlarının böyük hissəsini, o cümlədən yeddi rayonu geri qaytardı. Rusiya sülhməramlıları isə müvəqqəti qaydada Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək üçün yerləşdirildi.

Meydan və ekran — iki məkanda, iki “ekranda” bir sima kimi Əliyev müharibə zamanı xalqı ruhlandıran çıxışlar etdi. Məsələn, “Qarabağ Azərbaycandır!” şüarı ilə milləti birləşdirdi. Meydanlar doldu-daşdı, Səfərbərlik xidmətləri önündə minlərlə gənc könüllü şəkildə cəbhə hərəkatına qoşuldu.

Müharibədən sonra da o, yenidənqurma layihələrinə rəhbərlik etdi: infrastrukturun qurulması, mədəni abidələrin bərpası və keçmiş qaçqınların geri qaytarılması kimi son dərəcə çətin problemlərlə üz-üzə qaldı. Zəfər ölkə rəhbərinin siyasi imicini də dəyişdirdi — o, milli qəhrəman kimi qəbul edildi, həm də bütün türk dünyasında.

2025-ci ilin dekabrına qədər isə son dərəcə ciddi tarixi proseslər yaşandı.

2021-ci ildə tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi ilə yeni mərhələyə start verildi.
2022-ci ildə Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdə nəzarəti bərpa etməsi nəticəsində strateji mövqelər ələ keçirildi.
2023-cü ildə antiterror tədbirləri və sərhədlərin bərpası prosesi çərçivəsində Qarabağda qalan qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı lokal antiterror əməliyyatları həyata keçirildi. Bununla da Azərbaycanın suverenliyinin tam bərpası və sərhəd nəzarətinin gücləndirilməsi reallaşdırıldı.

Elə həmin 2023-cü ildə Müasir kolonializmə qarşı Bakı Təşəbbüs Qrupu fəaliyyətə başladı. İlham Əliyevin təşəbbüsü ilə müstəmləkəçilikdən əziyyət çəkmiş ölkələrlə həmrəylik məqsədilə yaradılmış bu beynəlxalq platforma dünyada geniş rezonans doğurdu.

2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində xalq zəfərin davamına səs verdi. Eyni zamanda, Bakı 2024-cü ilin sonunda keçiriləcək COP29-a ev sahibliyi etmək üçün genişmiqyaslı hazırlıq işlərinə başladı.

2025-ci il isə Vaşinqton danışıqları və sülh müqaviləsi ili kimi yadda qaldı. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində ABŞ-da aparılan danışıqlarda regionda sabitliyin və sərhədlərin qarşılıqlı tanınmasının təmin olunması barədə razılıq əldə edildi.

Bu gün tarix yazan Azərbaycan rəhbərinin doğum günüdür. 64 yaşında ona 300 illik tarixi dəyişdirmək qismət olub.

Amma bu, son deyil. 2026-cı ildə bizi Ermənistanla sülh prosesinin davamı gözləyir. O, dünyanın üçüncü iqtisadi gücü olmağa iddialı Türk Dövlətləri Təşkilatını (TDT) inşa edir, Avropa ilə Asiyanı Qafqaz vasitəsilə birləşdirir, Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilir. O qədər böyük miqyasda düşünür ki, “Bir Kəmər – Bir Yol” kimi qlobal layihəni Zəngəzur dəhlizinə qədər gətirir və bunun üçün əsrlik problemi həll edir. Öz xalqını ata-baba yurdlarına qaytarır — həm Qarabağda, həm də Qərbi Azərbaycanda.

Tarixin gedişatını dəyişib, lakin bəzi suallar açıq qalır.

Corc Vaşinqtonu xarakterizə edərkən deyə bilərik ki, o:

  • Dövlət yaratması ilə yadda qaldı — ABŞ-ı inşa etdi;
  • Xalqın verdiyi qiymətlə ucaldı — romanlarda, tablolarda, abidələrdə əbədi həkk edildi;
  • Xüsusi bir hadisə ilə simvollaşdı — üzərindən 300 ildən çox keçməsinə baxmayaraq, Vaşinqtonun Delaveri keçməsi Amerika tarixinin ən mühüm mərhələsi kimi xatırlanır və öyrənilir;
  • İrs qoydu — dünyaya yeni tipli idarəetmə modeli təqdim etdi;
  • Milad gecəsi — Vaşinqton fenomeninin doğulduğu, tarixin dəyişdiyi gecələrdən biri kimi yadda qaldı.

Bəs məşhur siqarı ilə Tehranda, Qahirədə, Potsdamda, bombalardan xarabalığa çevrilmiş London küçələrində dünya tarixi yazan Çörçill nə ilə yadda qaldı?

  • Dövlət xilas etməsi ilə — Böyük Britaniyanı İkinci Dünya Müharibəsinin ən qaranlıq saatlarında nasist Almaniyasının işğal təhlükəsindən qorudu;
  • Xalqın verdiyi qiymətlə ucaldı — onun siqarlı, qətiyyətli obrazı və məşhur “V for Victory” işarəsi dünya miqyasında azadlıq simvoluna çevrildi;
  • Xüsusi bir hadisə ilə simvollaşdı — 1940-cı ilin 4 iyun tarixli məşhur çıxışı (“We shall fight on the beaches… we shall never surrender!”) Blitz bombardmanları zamanı Britaniya ruhunun simvolu oldu;
  • İrs qoydu — 1946-cı ildəki “Dəmir Pərdə” nitqi ilə Soyuq Müharibənin ideoloji əsaslarını formalaşdırdı və müasir geosiyasətin konturlarını cızdı.

Bəs bütün bu parametrlər üzrə Vaşinqton və Çörçill səviyyəsində olan İlham Əliyev üçün tarix nələri qeyd edəcək?

Prezident İlham Əliyevə qədər Azərbaycan vardı. Lakin o dövlət tam deyildi — əraziləri üzərində yekdil suverenlik mövcud deyildi. Qafqazda yaşı bir əsrə bərabər olan erməni kilsəsinin dominant ideoloji gücü hökm sürürdü. “Dənizdən dənizə: Böyük Ermənistan” xülyası və daşnak idealları regionda təsiredici idi.

Zəngəzur işğal edilmiş, Qarabağ əlil buraxılmış, Naxçıvana göz dikilmişdi və bu vəziyyət azı yüz ildir davam edirdi. Məğlubiyyət psixologiyası milli kimliyin atributuna çevrilmişdi.

Lakin hamısı həllini tapdı.

Eynən Vaşinqton kimi, Əliyev Arazı keçərək Xudafərini azad etdi, tikanlı telləri vətən bağrından sökərək Ağdama varid oldu. Çörçill kimi, darmadağın edilmiş Londonun səksən il sonra səhnəsinin bətnində yaşayan Gəncəyə yol aldı. Gül çələngləri qoydu, savaşı ekranlara, meydanlara, ruha, ideologiyaya, səsə, sözə, tvitə daşıdı.

O, ruhunu meydana qoydu. Cəbrayılda tank ordularının toqquşmasını idarə etdi — düşmənin son kartı da əlindən çıxdı. O, nəhəng siyasəti qədər gur çıxan səsi ilə Şuşa zəfərini qazandırdı.

Amma dayanmaq olmazdı. Son 300 ilin yüzlərlə idarəçisinin bacarmadığını etdi. Bir çoxlarının dövlət xadimi kimi mühakimələrlə üz-üzə qaldığı keçmişi tarixi bir cəhdlə cırıb atdı. Qarabağa İbrahimxəlil xanı, Şuşaya Pənahəlini qaytardı. Alban ruhlarını erməniləşmə azarından xilas etdi, kilsəni də, xaçı da Kəlbəcərdəki məbədgahlar kimi müqəddəs təyinatına qaytardı.

İslamın tapındığı, uca Tanrıya səcdəgah olan müqəddəs məkanlarda bəzi uyğunsuz ünsürləri rədd etdi. Təmiz ağızla edilən dualara, saf niyyətlə qılınan namazlara, niyazlara vəsilə oldu. Azan səsi eşidildi, inancın ruhani mistikası min il əvvəlki kimi ilahi məramına qovuşdu. Xan qızı Natəvan, Üzeyir, Bülbül və daha neçə-neçə ruh yenidən canlandı.

Dövlət və xalq ilk dəfə tanış olmadıqları bir situasiya ilə üz-üzə qaldı. O, azad idi, bütöv idi, tam idi və qalib idi. Bu vəziyyətə necə reaksiya veriləcəyi əvvəlcədən bilinmirdi.

Bu gün tarixin şkalasını ölçü vahidi kimi götürsək — ki, bunu mütləq etməliyik — addım-addım yaşadıqlarımız bizə yeni bir dövrün qapısını açır.

Lakin biz hələ də Qalib Prezident İlham Əliyevi ifadə edən obrazı tapmamışıq və yarada bilməmişik. Biz hələ də xalqın Çörçill, Vaşinqton, yaxud Atatürk üçün tapdığı ifadəyə bərabər simvolu kəşf edə bilməmişik. Biz hələ də respublika quruluşunun sayca hansı mərhələsində olduğumuzu tam dərk edə bilməmişik. Biz hələ də Prezident İlham Əliyevin hazırda davam edən tarixi missiyasının sosiologiyasını elmi şəkildə tədqiq edə bilməmişik.

İlham Əliyev dövlət yaradıb, tarix yaradıb, zəfər nəsli yaradıb, yeni ölkə qurub, tam suverenlik əldə edib. Bütün bunların davamında isə qlobal dünyada “Azərbaycan” adlı yeni bir fenomen doğulmaqdadır. Qarşıda isə daha böyük imkanlara əsaslanan, yeni dünya nizamında mühüm rol, oyunquruculuq və aktorluq missiyası dayanır.

Əliyevin ilk dövrünü ifadə edən əsas şüarın “Bütün azərbaycanlıların prezidenti olacağam” kimi səslənməsinin dərin tarixi-siyasi səbəbləri vardı. 2019-cu ildən etibarən isə biz qarşımızda tamamilə yeni bir dövrün şahidi olduq. Bunun adı yeni hakimiyyət quruculuğu dövrü idi.

Heydər Əliyev siyasətinin davamı,
Müstəqil Azərbaycan dövlətinin quruculuğu,
Yeni inkişaf mərhələsi — islahatlar dövrü.

Vaşinqton dövründə eyni proses “Birinci İnauqurasiya Nitqi” dövrü kimi adlanırdı. Bu mərhələdə təvazökarlıq, Tanrının köməyinə dua və yeni hökumətin qurulması ideyaları ön planda idi.

Çörçill isə müvafiq dövrdə Fultonda söylədiyi “Sülhün əzələləri” çıxışı ilə Dəmir Pərdəni siyasi leksikona daxil edirdi.

İndi nə Vaşinqton, nə də Çörçill var. Tarix onlara öz qiymətini verib. Bəs biz Prezident İlham Əliyevin yeni keyfiyyətlərə, qlobal dinamikalara və maraqlara söykənən idarəçiliyini necə adlandırmalıyıq?

Mənə görə, bizim yeni fenomenimiz və hadisəmiz məhz Vətən Müharibəsinə söykənir. Oradan qaynaqlanan ideyalar, yanaşmalar və dəyişən istiqamətlər mövcuddur.

Xalq və idarəçilik arasındakı ümumi məcmu da məhz bu xətt üzərindən davam etməlidir. Çünki hakimiyyətin vizyonu bunu açıq şəkildə göstərir.

Buna “Qalibiyyət hakimiyyətinin idarəçilikdə tətbiqi” desək necə olar?
Necə səslənir?

Bu yanaşma ciddi tədqiqat sualları tələb edir. Lakin eyni zamanda əsaslı məntiqə söykənən bir baxışdır. Sadəcə zaman lazımdır ki, hansı ifadələrin daha uğurlu və dayanıqlı olduğunu müəyyən edə bilək.

Doğum gününüz mübarək, cənab Prezident!