Zərdab rayonunun Şahhüseynli kənd sakinləri məktəb binasının yararsız vəziyyətdə olmasından, həmçinin yeni təmir olunan bağçada istilik sisteminin işləməməsindən şikayətləniblər.
“AzPolitika" xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən məktəb tamamilə yararsız vəziyyətdədir.
“Məktəbin pəncərələrində şüşə yoxdur, hər yer karton və taxta ilə örtülüb. Məktəbin içi də uçub-dağılıb. Mənim üç uşağım var və bu vəziyyətdə övladlarımı həmin məktəbə qoymaram. Bu məktəb mən oxuyan vaxtından bu vəziyyətdədi”, – deyə sakinlərdən biri qeyd edib.
Başqa bir sakin isə bağçadakı şəraitdən gileylənib:
“Bağçada nə istilik sistemi var, nə də su. Havalar soyuyan kimi uşağımı bağçaya göndərmirəm, çünki xəstələnir. Uşaqlar isti su ilə təmin olunmalıdır, amma burada isti su yoxdur, soyuq su ilə yuyunurlar. Heç bir çəndə su yoxdur. Hovuzu doldurmaq üçün suyun pulunu da ya müəllimlərdən, ya da valideyinlərdən istəyirlər”.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Cabir Azayev adına Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin vəziyyətindən məlumatlıdırlar və binanın əsaslı təmir edilməsi plana salınıb.
Qeyd olunub ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Bağça ilə bağlı şikayətə gəlincə isə qurumdan bildirilib ki, kənd körpələr evi-uşaq bağçasının istilik təminatı elektrik piltələri ilə təmin edilirdi və mövcud temperatur sinif otaqlarını tam qızdırmaq üçün kifayət etmirdi. Elektrik piltələri odun sobası ilə əvəzlənib, hazırda müəssisənin istilik təchizatı təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə həyata keçirilir.
Daha ətraflı “Baku TV”nin süjetində:

Şərhlər
Əcaib xəbər deyilmi? Otuz il *Ürək başı* mərkəzi kənd, şəhər doğma topraq, il, ocaqlarımıza bərpanı özlədik, Ali Baş Komandanın *el bir olsa?!* həmləsi ilə qaytarıldı! Necə yəni, ölkəmizdə belə geri Kənd, zəif-imkansız Bələdiyyə, İcraat, Nəzirlik və Hökmüətmi var? Əsla yox! İki aya 50-100 kv m pəncərə və məktəb binasını yeniləmək mümkün deyilmidi? Yeni Lenin iməciliyi, uzaq kosmos və dövlətlərin tərifimi?
Darıxmayın.....Gözləyin, Həştərxanda, Əfqanıstanda, Afrikada məktəbləri tikib qurtarandan sonra gəlib tikəcəklər.Birdə ki, tutalım məktəbi tikdilər. Onsuzda orda təhsil vermirlər ki. Repetitorluqla gedirsiniz. Elə də davam edin. Repetitorlarda otaqlar istidir...