Azərbaycan daha bir Milli Qəhrəmanını itirib.

“AzPolitika"  Musavat.com-a istinadən xəbər verir ki, Milli Qəhrəman Şahin Tağıyev uzunsürən xəstəlikdən sonra vəfat edib.

O, 2001-ci ildən İsveçin Malmö şəhərində yaşayırdı.

Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.

Qeyd edək ki, Ş.Tağıyev 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.

O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.

Şahin Tağıyev  həyatda olan 16 Milli Qəhrəmandan biri idi.

Qeyd edək ki, Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdu. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər orada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib.

Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilib.

1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Qarabağ münaqişəsinin başladıqdan sonra könüllü olaraq cəbhəyə gedib və döyüşlərə qatılıb.  Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak edib.

"Qurtuluş" batalyonunda vuruşan Şahin Tağıyev bir müddət sonra bu batalyonun komandiri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Tağıyev Şahin Talıb oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində Ordudan tərxis olunub.

Ailəli idi, bir oğlu, bir qızı, nəvələri var.

Allah rəhmət eləsin!