Elm və təhsil bilicisi, sabiq deputat Etibar Əliyev social şəbəkə hesabında Azərbaycan intellektuallarına çağırış edib.

E.Əliyev yazır:

“Dəyərli intellektuallar!

Gəlin, 2026-cı ili "Yeni maarifçilik ili” elan edək. Klassik maarifçiliyin əsas tezisləri bunlardır:

- Bütün insanlar başlanğıcdan istisnasız xeyirxahdırlar;

- İnsan həyatının əsas məqsədi xoşbəxtlik və firavan yaşayışdır;

- Bunlara mövcud elmlərin köməyi ilə nail olmaq mümkündür;

- Buna maneçilik törədən isə dözümsüzlük və nifrət yaradan nadanlıqdır;

- Nadanlıq və naqislikləri aradan qaldırmaq üçün hər cəhətli maarifçilik lazımdır;

- Hər növ ictimai əxlaq və mənəviyyat zəkanın maariflənməsinə əsaslanmalıdır;

- Daha çox maariflənmiş şəxs daha çox əxlaqlı olur;

- Bütün bəşəriyyət maarifçiliyin tərəqqisi ilə irəliyə doğru hərəkət edəcəkdir.

Bütün bunları dahi alman filosofu Kantın “Maarifçilik nədir” sualına cavabı ilə anlamaq olar. “Maarifçilik - insanın öz günahı ucbatından düşdüyü yeniyetməlik durumundan çıxmaqdır”.

Yeniyetməlik kənardan kiminsə müdaxiləsi olmadan öz mühakiməsindən istifadə edə bilməməkdir.

“Müdrik olmaqdan qorxma! Özünəməxsus ağlından cəsarətlə istifadə et!” - bunlar maarifçilik dövrünün əsas devizləri olmuşdur.

Yeni maarifçilik klassiklərə istinad etməklə yeni biliklərin aktuallaşdırılmasından başlamalıdır.

Kitab təqdimatı;

Elmin populayarlaşdırılması;

Dövrün fəlsəfi cərəyanlarının öyrədilməsi;

Gənc istedadların təşviqi;

Universitetlərdə “Mütaliə klubları”nın yaradılması;

Cəhalətə qarşı elmi mübarizə”.

“AzPolitika.info”