Vahid Məhərrəmli: “Ölkəyə palma yağının idxalı fiziki çəkidə 41,7 faiz, dəyər ifadəsində isə 56,5 faiz artıb"
Son dövrlər Azərbaycanda istehlak olunan bitki yağlarının qiymətinin sürətlə artması, keyfiyyəti və tərkibi ilə bağlı ictimai narahatlıqlar, narazılıqlar genişlənməkdədir. Xüsusilə günəbaxan, qarğıdalı və zeytun yağlarının bahalaşması, eyni zamanda bazarda palma yağının payının artması cəmiyyətdə ciddi suallar doğurur.
Məsələ ilə bağlı iqtisadçı, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli “AzPolitika”ya şərhində bitki yağlarının istehsalı və idxalı ilə bağlı mövcud vəziyyəti şərh edib.
V.Məhərrəmli deyib ki, aparılan araşdırmalar Azərbaycanda son 10 ildə bitki yağları istehsalının azalmasını, idxalın isə artmasını göstərir. Onun sözlərinə görə, bu dövrdə zeytun yağının qiyməti 2,2 dəfə, günəbaxan yağının qiyməti 2 dəfə, qarğıdalı yağının qiyməti isə 69 faiz bahalaşıb.
İqtisadçı bildirib ki, Azərbaycan hökuməti indiyədək ölkənin bitki yağlarına olan illik tələbatını və adambaşına düşən illik istehlak normasını rəsmi şəkildə müəyyən etməyib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında aparılan hesablamalara görə isə son illərdə Azərbaycanda ərzaq məhsulu kimi ildə orta hesabla 100–105 min ton bitki yağı istifadə olunur. Bu da adambaşına illik təxminən 10 kiloqram bitki yağı istehlakı deməkdir.
Mütəxəssis vurğulayıb ki, müqayisə üçün Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatlarına əsasən, Rusiyada adambaşına illik bitki yağı istehlakı orta hesabla 14 kiloqram təşkil edir.
Vahid Məhərrəmli qeyd edib ki, DSK-nın təqdim etdiyi “bitki yağlarının ehtiyatları və istifadələri” cədvəlində 2020-ci ildə ərzaq məhsulu kimi istifadə edilən bitki yağlarının həcmi 152,8 min ton göstərilsə də, sonrakı illərdə saflaşdırılmamış xam bitki yağları statistikadan çıxarılıb. Onun sözlərinə görə, həmin ildən sonra əhalinin şəxsi istehlakı və qida məhsullarının istehsalı üçün istifadə olunan bitki yağlarının həcmi iki dəfədən çox azaldılıb.
İqtisadçı bildirib ki, 2020-ci ildən sonra təkcə istehsal deyil, həm də idxal və ilin əvvəlindən qalan yağ ehtiyatlarının həcmi dəfələrlə azaldılıb. Cədvəllərdən göründüyü kimi, statistikaya “əl gəzdirildikdən” sonra da bitki yağları istehsalı azalmağa davam edib. Halbuki, əhalinin şəxsi istehlakında, qida məhsulları istehsalında və ixracda istifadə edilən bitki yağlarının həcmi kəskin azaldığı halda, idxalda ilbəil ciddi artım müşahidə olunur.
Vahid Məhərrəmli deyib ki, təkcə 2024-cü ildə Azərbaycana 66 min 786 ton günəbaxan yağı idxal olunub və bu göstərici əvvəlki illə müqayisədə xeyli çoxdur. Həmin ildə ölkəyə həmçinin 26,6 milyon ABŞ dolları dəyərində 19 min 28 ton qarğıdalı yağı idxal edilib.
Mütəxəssis xüsusilə palma yağı idxalına diqqət çəkərək bildirib ki, 2024-cü ildə Azərbaycana 81,9 milyon ABŞ dolları dəyərində 64,5 min ton xam palma yağı və onun fraksiyaları gətirilib. Onun sözlərinə görə, 2023-cü illə müqayisədə bu yağların idxalı fiziki çəkidə 41,7 faiz, dəyər ifadəsində isə 56,5 faiz artıb.
İqtisadçı qeyd edib ki, ölkəyə idxal edilən palma yağının 1 kiloqramının orta idxal dəyəri 2,16 manat olub. Bu isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21 qəpik və ya 10,5 faiz çoxdur. Palma yağının əsasən Malayziyadan (23,9 min ton) və İndoneziyadan (40,6 min ton) idxal edildiyini deyən Vahid Məhərrəmli bildirib ki, bu yağlar dondurma, yarımfabrikat, qəlyanaltı məhsulları, çörək və un məmulatları, süd məhsulları və digər qida məhsullarına əlavə olunur.
Vahid Məhərrəmli bildirib ki, ölkədə istehsal edilən bitki yağları da əsasən xam şəkildə idxal olunan yağlardan əldə edilir. DSK-nın məlumatlarına istinad edən mütəxəssis son 10 ildə Azərbaycanda bitki yağları istehsal səviyyəsinin təxminən iki dəfə azaldığını vurğulayıb. Onun sözlərinə görə, bunun əvəzində ölkəyə hazır bitki yağlarının idxalı iki dəfə artıb.
E.Rüstəmli
“AzPolitika.info”
Əlavələr
Əlavələr
Cədvəl 1. Bitki yağlarının qiymətləri
| Bitki yağları | Həcmi | 2016 | 2020 | 2022 | 2024 |
| Zeytun yağı | 1 litr/litre | 8,45 | 12,90 | 14,66 | 18, 80 |
| Günəbaxan yağı | -//- | 2,72 | 2,92 | 5.74 | 5.50 |
| Qarğıdalı yağı | -//- | 3,55 | 4,33 | 7.46 | 6.00 |
Cədvəl 2. Bitki yağlarının ehtiyatları və istifadələri (Saflaşdırılmamış xam bitki yağları daxil edilməmişdir)
| 2014 | 2015 | 2020 | 2021 | 2022 | 2024 | |
| İlin əvvəlinə qalıq | 17 065 | 18 380 | 29 192 | 29 167 | 10 493 | 8 677 |
| İstehsal | 106 874 | 106 645 | 75 088 | 72 915 | 67 978 | 57 939 |
| İdxal | 129 571 | 129 126 | 162 334 | 41 753* | 46119* | 57544* |
| Ehtiyatların cəmi | 253 510 | 254 151 | 266 614 | 143 835 | 124 590 | 124 160 |
| Əhalinin şəxsi istehlak fondu | 101 814 | 119 672 | 152 888 | 94 502 | 85 278 | 82 932 |
| Qida məhsulları istehsalı | 55 554 | 55 653 | 61 293 | 23 049 | 17 947 | 20 266 |
| İxrac | 76 895 | 59 529 | 21 880 | 15 107 | 12 115 | 11 235 |
| İtkilər | 867 | 871 | 1 386 | 684 | 565 | 595 |
| İlin sonuna qalıq | 18 380 | 18 426 | 29 167 | 10 493 | 8 685 | 9 132 |
| İstifadələrin cəmi | 253 510 | 254 151 | 266 614 | 143 835 | 124 590 | 124 160 |
Cədvəl 3. Palma yağının illər üzrə idxalı və dəyəri
| İllər | Miqdarı ton | Məbləği min $ | İdxal dəyəri (1kq.) $ |
| 2020 | 64 127 | 54 853 | 1,45 |
| 2021 | 50 530 | 61 944 | 1,22 |
| 2022 | 72 559 | 115 819 | 1,59 |
| 2023 | 45 570 | 52 342 | 1,14 |
| 2024 | 64 560 | 81 932 | 1,27 |
| 2025 (10 ay) | 42 465 | 58 428 | 1,38 |

Şərhlər
Yaxşı olardı ki,hörmətli ekspert hər il ölkəyə idxal olunan insan orqanizmi üçün ziyanlı və orqabuzmlə həzn olunmayan 40-50 min ton texniki Palma yağının harada və necə istifadəsu barədə məlumat versin.