“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq olunub.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək. Bunlara aiddir:

-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);

-hamiləliyə və doğuma görə müavinət;

-3 yaşınadək uşağa qulluğa görə müavinət;

-dəfn üçün birdəfəlik müavinət.

Beləliklə, proaktiv mexanizm əsasında təyin edilən digər sosial ödənişlərdə olduğu kimi, bu müavinətlərin alınması üçün də heç bir quruma müraciət etməyə və sənəd təqdim etməyə ehtiyac qalmayacaq.

Qeyd edilən müavinət növlərinin proaktiv qaydada təyin edilməsi prosesinə 2026-cı ilin mayın 1-dən başlanacaq.

Bu Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçiriləcək.

Bu Qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) ödənişinin bu Qərarın qüvvəyə minməsi ilə əlaqədar dayandırılmasına və yenidən hesablanmasına yol verilmir.