“Fənərbağça” uzun müddət davam edən və qalmaqallarla müşayiət olunan prosesin sonunda “Əl-İttihad”ın mərkəz yarımmüdafiəçisi N’Qolo Kanteni transfer etməyə nail olub. Sənədlərin vaxtında tamamlanmaması səbəbilə hər iki klub keçidin baş tutmaya biləcəyini bildirsə də, gecə saatlarında transfer rəsmiləşib.

Məlum olub ki, artıq mümkünsüz sayılan bu keçidin reallaşmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa rolu olub. “Fənərbağça”nın prezidenti Sadettin Saran bildirib ki, bu transferin uğurla başa çatmasında verdiyi dəstəyə görə Prezident Ərdoğana klub və şəxsi adından təşəkkür edir.

İdman jurnalisti Erdem Akbaşın verdiyi məlumata görə, Ərdoğan Səudiyyə Ərəbistanına səfəri zamanı, hələ təyyarədə olarkən, Kantenin transferində problem yarandığını və “Əl-İttihad”ın sənədləri sistemə gec yüklədiyini öyrənib. Ər-Riyada enəndən sonra rəsmi görüşlərə başlamazdan əvvəl vəliəhd şahzadə Salmanla bu məsələni müzakirə edib və problemin həllini xahiş edib. Şahzadə Salman isə əvvəlcə Səudiyyə Futbol Federasiyasının rəhbəri, daha sonra FIFA ilə əlaqə saxlayaraq lazımi prosedurların sürətlə tamamlanmasını təmin edib. Nəticədə transfer Ərdoğanın müdaxiləsindən sonra yekunlaşıb.

Qeyd edək ki, N’Qolo Kante ilə “Fənərbağça” arasında müqavilə 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

"AzPolitika.info"