Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakıda yerlşən İdrak Liseyində bədbəxt bir hadisə yaşanıb.

Belə ki, məktəbin 10-cu sinif şagirdi müəlliminə odlu silahla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən müəllimin vəziyyətinin normal olduğu bildirilir.

Məlumat üçün qeyd edək ki, İdrak Liseyi Azərbaycanda fəaliyyət göstərən tanınmış özəl təhsil müəssisələrindən biridir. İdrak Liseyi 2008-ci ildə Sumqayıt şəhərində yaradılıb. Lisey 2014-cü ildən etibarən Bakıda da fəaliyyətə başlayıb. Liseyin təsisçisi tanınmış alim, riyaziyyatçı, pedaqoji elmlər doktoru Mönsüm Alışovdur. Təhsil müəssisəsinin idarəçiliyində onun ailə üzvləri də  iştirak edir. 

Lisey şagirdlərə ibtidai, ümumi orta və tam orta təhsil pillələri üzrə xidmət göstərir, tədris Azərbaycan, rus və ingilis dillərində aparılır, ingilis bölməsində isə beynəlxalq proqramlardan istifadə olunur.

Liseydə 3 təhsil pilləsi var -ibtidai (I–IV siniflər), ümumi orta (V–IX siniflər), tam orta (X–XI siniflər).

Təhsil haqqına gəlincə, İdrak Liseyində illik təhsil haqqı sinif səviyyəsinə görə dəyişir:

- İbtidai siniflər (I–IV): təxminən 10 000 – 12 500 AZN;

- Orta və tam orta siniflər (V–XI): təxminən 10 500 – 16 500 AZN.

"AzPolitika.info"