Tanınmış kardioloq, tibb elmləri doktoru, millət vəkili Rəaşd Mahmudov sosial şəbəkələrdə tüğyan edən “qara piar”la bağlı ictimaiyyətə müraciət edib.
“AzPolitika” onun çağırışını oxuculara təqdim edir:
Əziz dostlar, dəyərli həmvətənlər!
Gec olsa da, yazmadan yata bilmədim. Bu sözlərim nə bir siyasi düşərgəyə, nə bir ideoloji qrupa, nə də müəyyən bir zümrəyə ünvanlanır. Bu müraciətim dini mənsubiyyətindən, etnik kimliyindən, siyasi baxışından və sosial mövqeyindən asılı olmayaraq hər kəsədir. Çünki burada söhbət siyasətdən deyil, ləyaqətdən gedir. İndi keçək mətləbə...
Son dövrlər ictimai-siyasi müzakirələrin bir qismi elə bir səviyyəyə enib ki, artıq burada fikir ayrılığından deyil, əxlaqi sərhədlərin hədsiz şəkildə aşılmasından danışmaq lazımdır. Mən bunu hər hansı siyasi mövqedən çıxış edərək demirəm. Bu nə hakimiyyət mövqeyidir, nə müxalifət mövqeyi. Bu, elementar, yəni çox sadə insanlıq mövqeyidir.
Tarix boyu hakimiyyət də olub, müxalifət də. Mübarizə də olub, tənqid də. Sərt polemikalar da yaşanıb. Haqlı da olub, haqsız da. Amma cəmiyyətlər o zaman güclü olub ki, mübarizə müəyyən ləyaqət çərçivəsində qalıb. Şəxsi həyatın, ailənin, namusun, insanın şərəf və heysiyyətinin hədəfə alınması isə heç vaxt siyasi mübarizə sayılmayıb.
Bu gün sosial platformalarda işlədilən bəzi ifadələr nə azad söz anlayışına, nə də elementar mənəvi normalara sığır. Fikir azadlığı məsuliyyətsizlik və əxlaqsızlıq demək deyil. Söz azadlığı söyüş azadlığı ola bilməz.
Ən təhlükəli məqam isə budur ki, bu cür ifadələrə qarşı eyni düşərgədə və ya "siyasi mövgedə" olanların və görsənənlərin susmasıdır. Özünü aydın, dəyərli və məsuliyyətli hesab edən hər bir insan, hansı siyasi mövqedə dayanmasından asılı olmayaraq, ilk növbədə öz vicdan və əxlaq sərhədini müəyyən etməlidir. Öz siyasi və ya ictimai həmfikiri olsa belə, “burada dayan” deməyi bacarmalıdır.
Burada məsələ “haqlı” və ya “haqsız” olmaq deyil. Dünyada “mütləq doğru” anlayışı mübahisəli ola bilər. Baxış bucaqları fərqli ola bilər. Amma ləyaqətsizlik heç bir ideoloji izahla legitimləşdirilə bilməz.
Unutmaq olmaz ki, insan üçün ailə və şərəf ən həssas nöqtədir. Tarix göstərir ki, bu hədd aşılarkən reaksiyalar artıq siyasi polemika çərçivəsindən çıxır. Bu, hədə-qorxu deyil. Bu, sosial psixologiyanın və insan təbiətinin reallığıdır. Cəmiyyətləri dağıdan da, çox ağır nəticələr də məhz bu həddlərin məsuliyyətsiz şəkildə aşılması olub.
Bunlar nə hüquqi, nə mədəni, nə də hansısa baxış prizmasından güclü dövlət və cəmiyyət quruculuğu yolunda aparılan siyasi mübarizə deyil. Bu, cəmiyyətə və insanlığa ciddi mənfi təsir göstərən dərin bir əxlaqsızlıqdır. Elə ifadələr var ki, insan onları tək qalanda düşüncəsinə gətirəndə belə üzü, beyni və ürəyi qızarır.
Bu gün hər birimizin qarşısında seçim var: Ya səviyyəni qoruyacağıq və gələcək nəsillərə mədəni siyasi və ictimai mühit miras qoyacağıq, ya da səviyyəsizliyi normaya çevirib onun nəticələrinə qatlanacağıq.
Mənim mövqeyim açıqdır. Harada olmağımızdan asılı olmayaraq, ləyaqət hər şeydən üstündür. Sərhədi keçən dilə qarşı susmaq isə həmin sərhədin pozulmasına şərik olmaq deməkdir.
Gəlin, sərhədi birlikdə qoruyaq!
Gəlin, cəmiyyət olaraq özümüzə hörməti itirməyək!
Daha da işıqlı və firavan sabahlar arzusuyla, gecəniz xeyrə qalsın!
“AzPolitika.info”

Şərhlər
Bu 3 əsas faktordan başqa səbəblər də var: milli dəyərlərimizin əks təbliği, mədəniyyət əvəzinə mənəniyyətsizliyin irəli çıxarılması, dini dəyərləri həqiqi mənada qəlbi ilə daşıyanları repressiya edib əvəzinə çəkilən din dəyər daşıyıcılarını irəli çıxarmaq, sosial ədalətsizliyin hakimliyi, ifrat qeyri-bərabər yaşamının hakim olması.....
3cü vacib şərt: azad söz imkanı. Yəni azad mətbuata təzyiq və repressiya etməmək, fərqli fikirlərin mənbəyi olan real müxalifətə düşmən kimi yanaşı həbs və basqı etməmək, real vətəndaş cəmiyyətinin işləməsinə təsir etməmək. Hansı ki, bütün fərqli söz demək imkanında olanlar ya həbs olunub, yada mühacirətə göndərilib. Vitrin üçün qurulanlar isə trans opozision yönümlü olub nəyə xidmət etdiyini hamı bilir.
2ci vacib şərt: Belə situasiyalarda hər iki tərəfə təsir edə bilən agsaqqalılıq və Ziyalılıq institutlarının bərpası olmalıdır. Hansı ki, hamıdan ağıllı, hamıdan düzgün, hamıdan bacarıqlı ....(məntiq ilə bu mümkünsüzdür) etmək üçün darmadağın edilib . Bu eqo fasadına qalib olmadan məsələnin həlli mümkünsüz.
Cox doğru yanaşmadır! Bu ədəbsizlik mühiti bir nəticədir. Onu aradan götürmək üçün yaranma səbəblərini görmək və onları aradan qaldırmaq lazımdır. Yəni yaranma mənbəsi məhv edilməlidir. Nədir onlar. 1. Ərkan məsələsidir. Hansı ki, ən aşağı səviyyəyə düşüb və azyaşlı uşaq təfəkküründə olan şıltaq eqolar ilə yönəlir. Bu ilk aradan qaldırılması lazım olan şərtdir.
Arsz bəy, yanaşmanız o qədər də düz deyil. Belə ki, polemika açan şəxs insanların mənəviyyatından dsnışır Siz isə dərhal "öolis rejimi" məsələsinə qayıdırsız.
Səmimi dryirəm ölkəndəki sistem düz qurulub.hər sahədə yaxşı da var, pis də var.
İnsan xarakteri dəyişib əzizizim, indi dodaq şişirdənlər, arvadına çay verdirə bilməyənlər bizlərərə tərbiyə dərsi verir.
Gəlin özümüzü düzəldək
Hakimiyyətin xalqa qarşı apardığı genosid siyasət kökündən yanlışdır və dəyişməidir.psixoloji durumun dözülməz həddə çatdırılması.polis rejiminin tətbiqi heç bir halda müsbət sayıla bilməz! Ona görə boş çağırışlar nnəticə verməz! Əgər ölkədə normal həyat şəraiti düşünürüksə
əvvəlcə hakimiyyət özünə baxmalı və yanlış siyasətindən əl çəkməlidir.