Zelenski öz elçilərinə nə tapşırıb?
Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ilk günü çox gərgin keçib.
“AzPolitika” xəbər verir ki, bunu həm Qərb mətbuatı, həm də Rusiya “İnterfaks”ı təsdiqləyib. Danışıqların 6 saata yaxın davam etdiyi və bu gün də davam etdiriləcəyi bildirilir.
Ukraynanı təmsil edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib ki, görüşdə "praktik məsələlər və mümkün həll yollarının mexanizmləri" müzakirə olunub.
Bununla yanaşı, dünən danışıqların dalana dirəndiyi barədə məlumat yayılıb. “Axios” nəşrinin tanınmış jurnalisti Barak Ravid öz mənbələrinə istinadla yazıb ki, siyasi danışıqlar Rusiya nümayəndə heyətinin yenidən təyin olunan başçısı Vladimir Medinskinin mövqeyi nəticəsində çıxılmaz vəziyyətə düşüb: "İki məlumatlı mənbə mənə bildirdi ki, bu gün Cenevrədə keçirilən siyasi qrupda danışıqlar dalana dirənib. Səbəb Vladimir Medinskinin təqdim etdiyi mövqelərdir”.
"The Economist" nəşri isə Ukrayna nümayəndə heyətində fikir ayrılığı, hətta parçalanma olduğuna dair məlumat yayıb. Orada iddia edilir ki, Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı fikir ayrılıqlarına görə iki yerə bölünüb.
İddiaya görə, Ukrayna Prezident Ofisinin yeni başçısı Kirill Budanovun rəhbərlik etdiyi qrup ABŞ-nin vasitəçiliyi ilə əldə edilə biləcək sürətli razılaşma tərəfdarıdır. Onlar hesab edirlər ki, yaranmış imkan pəncərəsindən dərhal istifadə edərək, razılaşmaya getmək lazımdır.
Digər qrup isə daha pessimist yanaşma tərəfdarıdır və ABŞ-nin köməyi ilə tez bir zamanda sülh əldə etməyə daha az meyllidir. Onlar tələsik razılaşmanın Ukraynanın maraqlarına xidmət etməyəcəyi qənaətindədirlər. İddia olunur ki, bu qrup Ukrayna Prezident Ofisinin keçmiş başçısı Andrey Yermakın təsiri altındadır.

Bu arada Prezident Volodimir Zelenski Ukrayna xalqının Ukraynanın Donbasdan birtərəfli şəkildə çıxarılmasını və bu ərazilərin Rusiyaya verilməsini nəzərdə tutan sülh müqaviləsinə razı olmayacağını deyib: "Emosional olaraq insanlar bunu heç vaxt bağışlamayacaqlar. Heç vaxt. Onlar məni, ABŞ-ni bağışlamayacaqlar", - deyə Zelenski bildirib. O əlavə edib ki, ukraynalılar niyə onlardan əlavə torpaqların verilməsinin istənildiyini başa düşə bilmirlər: "Bu, ölkəmizin bir hissəsidir, bütün bu vətəndaşlar, bayraq, torpaq".
Zelenski həmçinin, ərazi məsələləri üzrə irəliləyiş əldə etmək üçün öz elçilərinə - danışıqlar komandasına Cenevrədə Vladimir Putinlə görüş təşkil etməyi tapşırıb. Ukrayna lideri bu barədə “Axios”-a verdiyi müsahibədə bildirib.Zelenski həmçinin deyib ki, Rusiya Ukraynada ümumxalq səsverməsini təşkil etmək və keçirmək üçün yalnız bir günlük atəşkəsə razılıq verib. Baxmayaraq ki, Ukrayna tərəfi 60 gün tələb edir.

Zelenskinin sözlərinə görə, ukraynalılar Donbasda cəbhə xəttini donduracaq bir razılaşmanı qəbul edə bilərlər.
"Sənədə mövcud təmas xəttinə riayət edəcəyimizi bildirən bir bənd daxil etsək, düşünürəm ki, insanlar referendumda bunu dəstəkləyəcəklər. Bu, mənim fikrimdir. Rusiya qoşunlarını eyni məsafədə geri çəkməlidir - Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması üçün şərtlər bunlardır", - deyə Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, amerikalı vasitəçilər Stiv Uitkoff və Cared Kuşner ona Rusiyanın həqiqətən müharibəyə son qoymaq istədiyini və danışıqlara başlamazdan əvvəl bunu nümayəndə heyəti ilə aydınlaşdırmalı olduğunu bildiriblər. Lakin Zelenski buna daha pessimist yanaşdığını, yəni, Rusiyanın səmimi olaraq sülh istədiyinə inanmadığını deyib.
Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiyadan daha çox Ukraynanı sülh naminə güzəştə getməyə çağırmasını doğru hesab etmədiyini bildirib. O əlavə edib ki, Tramp üçün Ukraynaya təzyiq göstərmək Rusiyadan daha asan olsa da, davamlı sülhə gedən yol “Vladimir Putinə qələbə verməkdə deyil”.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
AĞASI GÜLÜM OLANIN BAŞINA KÜLÜM OLUB. BİR MƏSƏLƏNİ Kİ, UİTKOFF VƏ HƏR HANSI TƏCRÜBƏSİ OLMAYAN YEZNƏCİK KUŞNER HƏLL EDƏCƏKSƏ HƏR ŞEY AYDINDIR. BU CÜTLÜYÜN İŞTİRAKI MƏNƏ ATƏT-İN YARITMAZ MİSSİYASINI XATIRLATDI.