Uzun müddət idi ki, Nəsimi rayon Azadlıq prospekti 33 ünvanında yaşayış binasının girişində qanunsuz obyekt tikilmişdi. Bir neçə il idi ki, sakinlər binaya çətinliklə daxil olurdular, yerli icra hakimiyyətinə ünvanlanan şikayətlər isə cavabsız qalırdı.
İcra hakimiyyətindən əli üzülən sakinlər Fövqaladə Hallar Nazirliyinə (FHN) müraciət edərək kömək istəyiblər. Onların müraciətinə FHN Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən cavabda həmin ünvanda qanunsuz tikinti aparılması təsdiqlənib. Qeyd olunub ki, baxış zamanı blokun giriş hissəsinə köməkçi otaq quraşdırılıb. “Bununla da “Yanğın Təhlükəsizliyi Qaydaları”nın 3.1.7 və 3.1.9-un (yaşayış binalarının ümumi istifadədə olan hissələrində (pilləkən qəfəsində, girişdə, dəhlizdə və s.) tikinti və ya köməkçi otaqların quraşdırılması, insanların evakuasiyası və yanğınsöndürmə texnikasına mane olursa, bu yanğın təhlükəsizliyi tələblərinin pozulması hesab olunur) tələbləri pozulub”, - sakinlərə verilən cavabda yazılıb.

FHN bildirib ki, qeyd olunanlar nəzərə alanaraq müvafiq tədbirlərin görülməsi üçün Nəsimi Rayon icra Hakimiyyətinin rəhbərliyinə müraciət edilib. Lakin rayonun əvvəlki rəhbərliyi nə sakinlərin müraciətinə, nə FHN-in rəsmi məktubuna məhəl qoymayıb.
"AzPolitika" bundan öncə sakinlərin müraciətini bir neçə dəfə dərc etmişdi. Sakinlər iddia edirdilər ki, "obyekti" tikən şəxsin rayon icra hakimiyyətində "adamı" olduğu üçün onu sökmürlər.
Lakin məlum olduğu kimi, fevralın 9-da Nəsimi rayonunun rəhbərliyində dəyişiklik oldu. Prezident Tahir Budaqovu rayona yeni icra başçısı təyin etdi. Bu təyinatdan qısa müddət sonra sakinlər bir daha “AzPolitika” vasitəsilə rayon icra hakimiyyətinə müraciət etdilər. İnsafən qeyd edək ki, şəxsən Tahir Budaqov dərhal sakinlərin müraciətinə reaksiya verərək, qanunsuz obyektin sökülməsinə göstəriş verdi.
Sözün əsl mənasında “qapısı açılan” bina sakinləri “AzPolitika” vasitəsilə rayon rəhbərliyinə və şəxsən icra başçısına minnətdarlığını bildirir.
“AzPolitika.info”



Şərhlər