ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar və İranın cavab zərbələri Yaxın Şərqdə gərginliyi daha da artırıb. Baş verən hadisələrlə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) açıqlama yayıb.

Açıqlamada İran-İsrail-ABŞ arasında davam edən qarşıdurma səbəbilə Türkiyə-İran sərhədində hər hansı qeyri-adi hərəkətlilik və ya qoşun yığılması müşahidə olunmadığı bildirilib. Qeyd edilib ki, sərhədlərdə təhlükəsizlik tədbirləri gücləndirilib və bütün risklərə qarşı dövlət qurumları ilə koordinasiyalı şəkildə tədbirlər görülür.

Nazirlik sosial şəbəkələrdə İran istiqamətindən Türkiyəyə kütləvi miqrasiya olduğu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini də vurğulayıb və bu cür manipulyativ xəbərlərə inanmamağa çağırıb.

Eyni zamanda Türkiyə regionda münaqişələrin sülh yolu ilə həllini dəstəklədiyini və dialoq vasitəsilə problemlərin aradan qaldırılmasının vacibliyini qeyd edib. Nazirlik bəyan edib ki, Türkiyə qonşu ölkələrin parçalanmasının deyil, onların ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.

"AzPolitika.info"