Azərbaycanda son günlər inzibati və cinayət qanunvericiliyinə edilən yeni dəyişikliklərlə bir sıra yeni cərimələrin tətbiqinə başlanılıb. Son olaraq Milli Məclisdə müzakirə olunan layihələrə əsasən, xüsusilə süni intellekt texnologiyalarının istifadəsi, uşaqlara qarşı davranış və dilənçiliklə bağlı qaydalar sərtləşdirililəcək.
Yeni dəyişikliklərdən biri süni intellekt texnologiyaları ilə hazırlanan foto, video və ya audiomaterialların yayılması ilə bağlıdır. Qanun layihəsinə görə, süni intellekt vasitəsilə hazırlanmış materialların müvafiq nişanlanma olmadan yayılmasında iştirak edən şəxslər 80 manatdan 100 manatadək cərimə ediləcək. Həmçinin reallığı əks etdirməyən foto, video və ya audiomaterialların hazırlanması və yayılması hallarında 3000 manatdan 7000 manatadək cərimə, yaxud alternativ olaraq ictimai işlər və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

Müzakirə olunan dəyişikliklər arasında uşaqlara qarşı cismani cəzanın tətbiqi ilə bağlı yeni qaydalar da var. Layihəyə əsasən, valideynlər və ya müəllimlər tərbiyə məqsədilə uşağa qarşı fiziki və ya psixoloji zorakılıq tətbiq etdikdə 200 manat məbləğində cərimə ediləcəklər.
Bundan əlavə, dilənçiliklə məşğul olan şəxslərə əvvəlcə xəbərdarlıq ediləcək və ya 100 manatdan 200 manatadək cərimə tətbiq olunacaq.
Son dövrlər qəbul olunan bu tip qərarlar Azərbaycanda cərimələrin sayının sürətlə artdığı barədə müzakirələri yenidən gündəmə gətirib. Artıq neçə müddətdir ki, ölkədə inzibati cərimələr getdikcə genişlənir və müxtəlif sahələrdə yeni məhdudiyyətlər tətbiq olunur. Müstəqil ekspertlər zaman-zaman bu konteksdə Azərbaycanın artıq “cərimələr ölkəsi”nə çevrilməsi barədə ifadələr belə işlədirlər.
Narahatlıq doğuran başlıca məqamlardan biri cərimə məbləğlərinin əhalinin gəlirləri ilə müqayisədə kifayət qədər yüksək olmasıdır. Bu gün Azərbaycanda minimum əməkhaqqı 400 manat səviyyəsindədir. Ona görə də belə bir şəraitdə 200–300 manatlıq cərimələr bir çox insanlar üçün ciddi maliyyə yükünə çevrilib. Vətəndaşlar da mütəmadi olaraq sosial şəbəkələrdə tez-tez aşağı gəlirli vətəndaşlar üçün belə cərimələri ödəməyin olduqca çətin olduğunu bidirirlər.

Hüquqşünas Əkrəm Həsənov "AzPolitika" saytına açıqlamasında bildirib ki, cərimə yalnız effektiv olduğu hallarda tətbiq edilməlidir. Onun sözlərinə görə, əsas məsələ cərimənin real təsir göstərib-göstərməməsidir.
“Kimdənsə cərimə pulunu tutmaq mümkündürsə, bu halda onun tətbiqi müəyyən nəticə verə bilər. Məsələn, dilənçilik edən şəxsin rəsmi gəliri yoxdur. O, bu cəriməni hansı vəsait hesabına ödəyəcək? Nəticədə belə vəziyyətlərdə cərimə mexanizmi işlək olmur və bu, sadəcə əlavə problemlər yaradır”, – deyə hüquqşünas qeyd edib.
Ə.Həsənov hesab edir ki, ümumilikdə Azərbaycanda əhalinin maddi və sosial vəziyyəti getdikcə ağırlaşır. Onun fikrincə, belə bir şəraitdə dövlət büdcəsini cərimələr hesabına doldurmağa çalışmaq doğru yanaşma deyil.
“Yumşaq desək, bu yanaşma düzgün deyil və ən azı insafsızlıq kimi qiymətləndirilə bilər”, – deyə hüquqşünas vurğulayıb.
İqtisadçı Natiq Cəfərli isə "AzPolitika"-ya şərhində bildirib ki, Azərbaycanda tənzimləmə qaydaları getdikcə sərtləşir.

Onun sözlərinə görə, bu, müəyyən mənada Avropa Birliyinin tutduğu yanaşmaya bənzəyir və bu, yanlış yol hesab olunur:"Bu məsələ təkcə ictimai sahədə deyil, iqtisadi sahədə də özünü göstərir. İqtisadi fəaliyyətdə də xeyli sayda cərimələr mövcuddur və bir çox hallarda onların məbləği kifayət qədər yüksəkdir. Həddindən artıq tənzimləmə mexanizminin tətbiqi qaydaların tez-tez pozulmasına da səbəb ola bilər".
N.Cəfərli bildirir ki, hüquqda belə bir fəlsəfi yanaşma mövcuddur ki, qanunlar cəmiyyətin davranış qaydalarına uyğunlaşdırılmalı və həmin davranışları tənzimləməlidir:"Yəni hər hansı ölkədə – məsələn, Avropanın müəyyən bir hissəsində effektiv olan tənzimləmə üsulu Azərbaycanda eyni nəticəni verməyə bilər. Buna görə də yerli xüsusiyyətlər nəzərə alınmalı və ümumilikdə cərimə siyasətinin fəlsəfəsinə yenidən baxılmasına ehtiyac var. Cərimələr dövlət üçün pul toplama mənbəyi kimi qəbul edilməməlidir. Cərimənin əsas məqsədi insanların davranışlarını tənzimləmək və onları qaydalara əməl etməyə təşviq etmək olmalıdır. Bunun üçün isə əvvəlcə maarifləndirmə, təşviq və izah işləri aparılmalı, müxtəlif addımlar atılmalıdır".
İqtisadçı qeyd edir ki, cərimə və cəza mexanizmi yalnız sonuncu mərhələdə tətbiq edilməlidir:"Azərbaycanda isə təşviq və təbliğat işləri ya kifayət qədər aparılmır, ya da çox məhdud səviyyədə həyata keçirilir. Nəticədə, cəza mexanizmi son addım kimi deyil, ilk addım kimi tətbiq olunur ki, bu da düzgün yanaşma hesab edilmir".
Məlumat üçün bildirək ki, ümumilikdə Azərbaycanda inzibati hüquq pozuntuları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllədə 608 maddə mövcuddur və onların böyük hissəsində pul cəriməsi nəzərdə tutulur. Hazırda bu maddələrin təxminən 500-ə yaxını pul cəriməsi tətbiq edilə bilən inzibati xətaları əhatə edir. Sözügedən cərimələr yol hərəkəti qaydalarının pozulması, ictimai asayişin pozulması, ticarət və xidmət qaydaları, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə tətbiq olunur.

Maraqlı məqam isə odur ki, region ölkələri ilə müqayisədə bizdə cərimələrin sayı olduqca yüksəkdir. Məsələn, Gürcüstanda inzibati qanunvericilikdə təxminən 300 maddə mövcuddur və onların təxminən 250-yə yaxını pul cəriməsini nəzərdə tutur. Ermənistanda isə inzibati xətalarla bağlı qanunvericilikdə təxminən 290 maddə var və onların 220–230-u pul cəriməsi ilə nəticələnə bilər.
Türkiyədə isə 200-dən çox inzibati pozuntu üzrə pul cəriməsi tətbiq olunur.
Daha böyük hüquq sisteminə malik dövlətlərdə isə bu rəqəmlər daha yüksəkdir.
- Məsələn, ABŞ-də federal və ştat qanunlarının çoxluğu səbəbindən 1000-dən çox inzibati cərimə var.
- Almaniyada inzibati hüquq pozuntuları müxtəlif sahə qanunları ilə birlikdə 1000-ə yaxındır.
- Çində müxtəlif dövlət qurumlarının qəbul etdiyi normativ aktlara görə, 900-dən çox inzibati cərimə mövcuddur.
- Fransada isə müxtəlif qanunlar üzrə 700-ə yaxın inzibati cərimə nəzərdə tutulur.
Yaponiyada bu rəqəm 600-dən çox, İtaliyada isə təxminən 600-ə yaxın hesab olunur.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Limonu suyun , sixannan sora ne qalir ?
Bu deputatlar, ne yeyir , ne icir ?
Dilənçiləri küçədən yığışdırmaq lazımdır. Tibb universitenin yanından maşınla keçmək olmur. (Z.Əliyeva liseyinin )basq
Dilənçiliyi qarşısını almaq üçün 1)iş yerləri olmalı 2) Pensiyaçılar faiz indeksasiya edilməlidir. 3) Çində bele dilənçi demek olar ki,yoxdur sebeb qanum sərtdir.Dilençilikden haqq tutan memurlar var.Bele baxanda əlini uzadıb pul dilənmək psixoloji mənliyin sınmasıdır.Ehtiyacdan olanlarda var,peşə seçənlərdə.
Mən hökümətddən tələb edirəm dilençilər kassa aparatiyla təmin olunsunlar biz bilməliyik axı ne qədər qazanırlar həmdə vergidən yayınma halları baş vermeyecek Əli müəllim.insallah görər bu yazdigimi
Dilencini cerimelemekden evvel niye dilendiyini oyrenmek ve tedbir gormek lazimdi
Bununla demək istəyirlər ki dilənçi yoxdur hamı əla yaşayır. Ancaq ac qılınca çapar bir gün bunun zibili çıxacaq
Boyunuzu yere soxum!
Bu Əkrəm müəllimlə Natiq müəllim zır savadsızdılar. Hələ bunlar bilmir ki, dilənçilər ay ərzində bizim dilənçi deputatlarımızdan çox qazanırlar. Buna nə təhər dözəsən? Amma savadı qışqırmış hökumət üzvlərimiz və deputatlarımız bunu dərhal aşkar edərək qanun halına saldılar ki, ədalət tərəzisi əyilməsinə... Savadsızlar. Gedin Əli Əsədovdan dərs alın...
Möhtərəm və möhtəşəm hökumətimiz cərimə ilə büdcə doldurmaq (hərçənd Samir müəllim dedi ki, bu pullar büdcəyə girmir, amma yenə də..) üçün dünya ölkələri cəhənnəm heç şeytanın da ağlına gəlməyən "dəlmədeşik" tapır da. Əli Əsədov istedadı da və axtarıb tapıb ki, bu dilənçilər öz " krışalarına" haqq vermir? Verir. Onda niyə hökumətə də verməsin? Hıy?