Son günlər dünya bazarında neftin qiymətinin sürətlə artması Azərbaycanda da iqtisadi müzakirələri aktivləşdirib. Yaxın Şərqdə artan gərginlik və müharibə “qara qızıl”ın bahalaşmasına səbəb olsa da, ölkə daxilində əsas diqqət manatın sabitliyinə yönəlib.

Mövcud vəziyyət milli valyutanın məzənnəsinə təsir göstərə bilərmi? Manatın məzənnəsinin dəyişməsi ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı “AzPolitika”ya iqtisadçı-ekspert Fərhad Pərvizi bildirib ki, manatla dolların məzənnəsi və onların bir-birindən asılılığı iqtisadiyyatda tələb və təklif qanununa əsaslanır.

Onun sözlərinə görə, əgər biz xeyli miqdarda dollar əldə ediriksə, məsələn, neft və ya digər məhsulları ixrac etməklə və idxalımız da dollarla həyata keçirilirsə, bu zaman daxili bazar xaricdən məhsul almaq üçün dollar əldə edilməlidir. “Əgər ixracımız idxalımızdan çoxdursa, manatın sabitliyi qorunur. Əksinə, əgər hər hansı səbəbdən ixracımız xeyli azalır və idxal onu üstələyirsə, bu zaman manatın devalvasiyası baş verə bilər. Hesablamalara əsasən, neftin qiyməti 60 dollar olduğu halda belə, ölkədə tədiyə balansının defisiti, yəni idxalla ixrac arasındakı fərq müsbət olaraq qalır. Bu səbəbdən manat üçün ciddi təhlükə yaranmır”.

Ekspert qeyd edib ki, əgər gələcəkdə neftin qiyməti 35-40 dollara düşsə, bu proses uzun müddət davam edərsə, o zaman manat üçün risk yarana bilər.

Oğuz Ayvaz