ABŞ administrasiyasının bəzi NATO müttəfiqlərini “cəzalandırmaq” məqsədilə yeni plan üzərində çalışdığı iddia olunur. Məlumata görə, bu addım Donald Trampın İran müharibəsi zamanı bəzi ölkələrin kifayət qədər dəstək vermədiyini düşünməsi ilə əlaqələndirilir.

"The Wall Street Journal" qəzetinin yaydığı məlumata əsasən, adı açıqlanmayan ABŞ rəsmiləri bildirir ki, Ağ Ev NATO daxilində “dəstək göstərməyən” ölkələrə qarşı tədbirlər paketini nəzərdən keçirir. Plan çərçivəsində ABŞ hərbi qüvvələrinin bəzi Avropa ölkələrindən çıxarılması və daha uyğun hesab edilən ölkələrə yerləşdirilməsi müzakirə olunur.

İddialara görə, bu plan Avropadakı ən azı bir ABŞ hərbi bazasının bağlanmasını da əhatə edə bilər. Mənbələr həmin bazanın böyük ehtimalla İspaniya və ya Almaniya ərazisində yerləşdiyini qeyd edir.

Eyni mənbələr bildirir ki, ABŞ hərbi kontingentinin artırılması üçün nəzərdə tutulan ölkələr arasında Polşa, Rumıniya, Litva və Yunanıstan yer alır.

Ağ Ev isə məsələ ilə bağlı rəsmi mövqe bildirməyib, lakin ABŞ dövlət katibi Marko Rubionun NATO ölkələrini tənqid edən son açıqlamalarına istinad edib.

Mövzu ilə bağlı "CNN" kanalına danışan NATO Baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti bəzi müttəfiqlərin mövqeyindən açıq şəkildə narazıdır:“Prezident Tramp bəzi NATO müttəfiqləri ilə bağlı açıq şəkildə məyusdur. Mən bunu başa düşürəm. Lakin Avropa ölkələrinin böyük əksəriyyəti logistika, hava sahəsi və digər sahələrdə ABŞ-a dəstək verib."

Rutte əlavə edib ki, bütün ölkələr eyni səviyyədə dəstək göstərmədiyi üçün Vaşinqtonun narazılığı anlaşılandır.

Qeyd edək ki, ABŞ–İsrail–İran gərginliyi fonunda NATO daxilində fikir ayrılıqları daha da açıq şəkildə üzə çıxıb. Xüsusilə Fransa və İspaniya kimi ölkələrin bəzi hərbi təşəbbüslərə ehtiyatlı yanaşması Vaşinqtonda narazılıq yaradıb.

"AzPolitika.info"