Ən böyük vergi ödəyiciləri yenə neft sektoruna aiddir
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun vəziyyəti acınacaqlı olaraq qalır. Hökumətin çoxsaylı pozitiv bəyanatlarına baxmayaraq, ölkə əhalisinin böyük hissəsinin çalışdığı bu sektorda heç bir ciddi irəliləyiş yoxdur. Əksinə, kiçik və orta sahibkarlıq vergi-gömrük inzibatçılığından, yerli-yersiz cərimələrdən, yoxlamalardan əziyyət çəkir, ucuz kreditlər, dövlət dəstəyi, tenderlərin şəffaflığı, investisiya qoyuluşları və s. isə xəyal olaraq qalır…
“AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı paylaşım edən iqtisadçı Natiq Cəfərli Azərbaycanda ən böyük vergi ödəyicilərinin yenə də neft sektoruna yaxın şirkətlər olduğunu qeyd edib: “Sizə bir xoş, bir də pis xəbərim var – yaxşı xəbər odur ki, Vergi Xidməti 2025-ci il ərzində ölkədə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb, şəffaflıq üçün yaxşı təşəbbüsdür.
Pis xəbər odur ki, ilk 10 yerdə qərar tutan bütün hüquqi şəxslər ancaq və ancaq neft - qaz və bu sahəyə xidmət göstərən şirkətlərdir.
İlk 30 yerdə qərar tutan şirkətlərin isə 16-sı yenə də enerji sektorudur, siyahıda adı olan 100 şirkətin yarıdan çoxu yenə də neft-qazla bağlıdır.
Rəsmi rəqəmlərə görə siyahıda 1-ci yerdə olan “AZNEFT” İSTEHSALAT BİRLİYİ 2025-ci ildə 1 mlrd. 508 mln. manat vergi ödəyib, siyahıda qeyri-neft sektoruna aid ən yüksək yerdə olan “KAPİTAL BANK” ASC-dir ki, bu sistemdaxili oyunçu olan bank, 2025-ci ildə 131 mln. 900 min manat vergi ödəyib.
Yəni, neft-qaz sektorunun lider vergi ödəyicisi, qeyri-neft sektorunun vergi lideri olan vergi ödəyicisindən 11,5 DƏFƏ çox büdcəyə ödəniş edib.
Ölkə iqtisadiyyatının mənzərəsi də, aşağı-yuxarı belədir, hökumətin qeyri-neft sektorunun inkişafı ilə bağlı şanlı bəyanatlarına, insafən mütləq rəqəmlərdə müəyyən artımın olmasına baxmayaraq, məmləkətdə neft-qaz sahəsinin makro səviyyədə iqtisadiyyata təsiri, qeyri-neft sektoru üzərində üstünlüyü, elə hardasa, 11-in 1-ə nisbətindədir.
Bir daha – mütləq rəqəmləri demirəm ha, söhbət multiplikativ effektdən və real mənzərədən gedir...”
“AzPolitika.info”

Şərhlər
Dəhşətli mənzərədir. Neft tükənir, iqtisadiyyatın diğər sahələrində bərbad vəziyyətdir. Həm də hiss olunur ki, nazir oliqarxlara məxsus şirkətlər ya vergidən yayınır ya da qismən ödəyirlər.
Bu cür iqtisadiyyat bu ölkəni çətin vəziyyətə salacaq
Iqtisadiyyatı iqtisadçı idarə etməlidir.Diferensial vergi tətbiq edilməli,qohumbazlıq yer bazlıq,bitməlidir.Əgər sənin vəzifədədirsə sen dovlet idaresinde ishleye bilmersen.Eger senin atan biznesmendirse sen dovlet strukturlarinda ishleye bilmersen.Bu qayda rehmetlik Cənab Heyder Əliyev vaxtında var idi.Indi her sey eksinedir
Natiq bəy, qulaqlarımız şad xəbər eşitməyə öyrəşməyib. Biz aşağı kastanın üzvləri bu hökumətdən vətəndaşın ürəyini açan hansısa xoş niyyətli addım gözləmirik. Biz taleyimizlə barışmış zavallılarıq. Nə şad, nə bəd xəbər belə eynimiə deyil.