İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-la danışıqların başlaması üçün iki əsas şərtin yerinə yetirilməli olduğunu açıqlayıb.
O, aprelin 10-da sosial şəbəkə hesabında yazıb ki, danışıqlardan əvvəlLivanda atəşkəs təmin olunmalı, İranın dondurulmuş aktivləri azad edilməlidir.
Qalibaf iddia edib ki, bu şərtlər tərəflər arasında əvvəlcədən razılaşdırılıb və onların icrası olmadan danışıqlar başlamayacaq. Lakin o, əlavə detallar verməyib.
Eyni mövqeni İranın xarici işlər naziri Abbas Araqçi də ifadə edib. Hər iki rəsmi şəxs ABŞ-la danışıqlar aparacaq İran nümayəndə heyətinin tərkibində yer alır.
ABŞ Prezidenti Donald Tramp isə bu açıqlamalara reaksiya verib. O, özünün “Truth” sosial şəbəkəsində yazıb ki, İran “yalnız beynəlxalq su yolları vasitəsilə qısamüddətli şantajdan başqa heç bir kozıra malik olmadığını anlamır”.
Qeyd edək ki, aprelin 8-də elan olunan atəşkəsdən sonra İran rəsmiləri dəfələrlə İsrailin Livana hücumlarının dayandırılmasını tələb edib və bunu razılaşmanın bir hissəsi kimi təqdim ediblər. Lakin ABŞ və İsrail Livanın bu razılaşmaya daxil olmadığını bildirir.
İranın hədələrindən sonra İsraildəki rejimin rəhbəri Benyamin Netanyahu Livanla birbaşa danışıqların qısa müddətdə başlanması barədə göstəriş verib. Məlumata görə, bu qərardan əvvəl ona ABŞ Prezidenti Donald Tramp zəng edib.
ABŞ və İran arasında növbəti danışıqların aprelin 11-də İslamabad şəhərində keçirilməsi planlaşdırılır. Amerika nümayəndə heyətinə vitse-prezident Jey Di Vens rəhbərlik edəcək. O, səfərdən əvvəl danışıqların “müsbət keçəcəyinə ümid etdiyini” bildirib.
Gözləntilərə görə, ABŞ nümayəndə heyətinə xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşner də daxil olacaq.
“AzPolitika.info”

Şərhlər