“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü bu dəfə Qəbələdə keçirilib.

Azərbaycandan olan heyətin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, 10–12 aprel tarixlərində baş tutan dördüncü görüşdə Ermənistan nümayəndələri Qazax istiqamətində quru sərhədi bütün qanuni prosedurlara uyğun keçərək əvvəlcə Gəncəyə, daha sonra isə qatarla Qəbələyə yollanıblar. Geri dönüş isə avtobusla həyata keçirilib. Politoloq qeyd edib ki, bu marşrut Qazax, Ağstafa, Tovuz, Göygöl (Govlar), Şəmkir, Gəncə, Yevlax, Ağdaş və Qəbələ şəhərlərini əhatə edib.

F.Məmmədov bildirib ki, proqram çərçivəsində 4 diskussiya sessiyası təşkil olunub, həmçinin Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş və mətbuat konfransı keçirilib. O əlavə edib ki, qeyri-formal ünsiyyətə də geniş yer ayrılıb.

Politoloqun sözlərinə görə, müzakirələr əsasən regionda gedən proseslər, qonşuluqda davam edən müharibələrin yaratdığı qeyri-müəyyənliklər, eləcə də daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında aparılıb. Ayrı-ayrı sessiyalarda iştirakçıların öz ölkələrində gördüyü işlər, cəmiyyətlərin sülh gündəliyini necə qəbul etməsi, mövcud maneələr və imkanlar da müzakirə olunub.

F.Məmmədov vurğulayıb ki, tərəflər növbəti mərhələdə qarşılıqlı fəaliyyət formatı ilə bağlı da fikir mübadiləsi aparıblar. Onun fikrincə, sülh gündəliyini müəyyən edən əsas amil hər iki ölkə hökumətinin legitimliyidir. İyunun əvvəlində bu legitimliyin nə dərəcədə davamlı olacağı və vətəndaş cəmiyyəti nümayəndələrinin hansı şərtlərlə birgə fəaliyyətini davam etdirə biləcəyi aydınlaşacaq. Politoloq qeyd edib ki, məhz bu amil sülh prosesinin geri dönən və ya dönməz olacağına cavab verəcək əsas faktordur.

F.Məmmədov hesab edir ki, belə görüşlər tərəflərin bir-birini daha yaxşı anlamasına, reallıqlarla tanış olmasına və gələcək addımların müəyyənləşdirilməsinə imkan yaradır. O vurğulayıb ki, artıq sülh gündəliyi daha aydın çərçivə qazanır və real perspektivlər formalaşır.

“Müzakirələr zamanı münaqişənin yaratdığı dərin travmalar, həssas mövzular və cəmiyyətlərin sülhə hazırlıq səviyyəsi də diqqət mərkəzində olub. Yalnız açıq və etimadlı dialoq vasitəsilə irəliləyiş istiqamətləri müəyyən edilə bilər”, - politoloq qeyd edib.

Sonda F.Məmmədov bildirib ki, sülhə gedən yol uzun, səbir və ardıcıllıq tələb edən bir prosesdir. Hazırda proses yüksək dinamika ilə davam edir və mövcud şəraitdə mümkün olan addımlar atılır. Politoloq vurğulayıb ki, vətəndaş cəmiyyəti də bu prosesin ayrılmaz hissəsi kimi həm birgə fəaliyyət göstərir, həm də öz ölkələrində bu istiqamətdə iş aparır.

“AzPolitika.info”