Rəsmi Paris ABŞ-nin Hörmüz boğazını blokada etməsini dəstəkləmir və beynəlxalq sularda bu cür hərəkətləri qanunsuz hesab edir.

“AzPolitika” xəbər verir ki, bunu Fransa Xarici İşlər naziri Jan-Noel Barro Fransa televiziyasına açıqlamasında deyib.

"Beynəlxalq sularda gəmiçilik bəşəriyyətin ortaq irsidir. Buna görə də, bu blokadanı mümkün qədər tez aradan qaldırmaq lazımdır", - deyə nazir bildirib və əlavə edib ki, hər iki tərəf - ABŞ və İran - boğazı növbə ilə bağlayaraq eyni qanunsuz təzyiqdən istifadə edirlər.

Barro xəbərdarlıq edib ki, uzunmüddətli blokada qlobal iqtisadiyyata və vətəndaşların alıcılıq qabiliyyətinə ciddi ziyan vuracaq: "Bu münaqişənin qlobal iqtisadiyyatı girov götürməsinə icazə verə bilmərik".

Eyni zamanda, Fransa, Böyük Britaniya ilə birlikdə, yaxın günlərdə boğazdan ticarət gəmiləri üçün hərbi müşayiət heyətlərinin təşkili ilə bağlı konfrans keçirəcək. Barronun sözlərinə görə, bir çox ölkə missiyanın müdafiə xarakteri daşıması və İran və Omanla əlaqələndirilməsi şərti ilə təşəbbüsə maraq göstərib.

“AzPolitika.info”