Donald Tramp administrasiyası İran müharibəsi səbəbindən Rusiya neftinə qarşı dayandırdığı sanksiyaları yenidən bərpa edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyi, İranın ABŞ-İsrail hücumlarına cavab olaraq Hörmüz boğazını faktiki olaraq blokada etməsindən sonra mart ayında qiymətləri aşağı salmaq üçün Rusiya neftinə qarşı sanksiyaları yumşaltmışdı. Lakin bu güzəştin müddəti 11 apreldə başa çatıb. Ötən həftənin sonlarında “Reuters” öz mənbələrinə istinadla məlumat vermişdi ki, Ağ Ev Rusiya neft məhsulları ilə əməliyyatlar üçün lisenziyanı uzadacaq. Lakin bu, baş vermədi.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi, sanksiyalarla bağlı güzəştləri "qısamüddətli tədbir" adlandırmışdı.

ABŞ Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Cin Şaxen, Senatdakı Demokratların lideri Çak Şumer və Senatın Bank Komitəsinin üzvü Elizabet Uorren cümə günü Tramp administrasiyasını sanksiya güzəştini uzatmamağa çağırmışdılar.

“AzPolitika.info”