Birləşmə ərəfəsində olan “AccessBank” QSC-nin İdarə Heyətinin üzvü, baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev bankdan ayrıldığını açıqlayıb.
"AzPolitika" banker.az-a istinadla xəbər verir ki, o, qərarını bankın səhmdarlığında və strukturunda gözlənilən dəyişikliklər fonunda qəbul etdiyini bildirib.
“AccessBank” yeni mərhələyə qədəm qoyur. Qarşıda yeni səhmdarlıq və yeni struktur olduğu üçün mən də buradakı fəaliyyətimi yekunlaşdırıb yoluma davam etmək üçün uyğun vaxtın çatdığına qərar verdim”, – deyə T.Ağakişiyev qeyd edib.
O, bankdakı fəaliyyəti dövründə komanda ilə birlikdə yeni məhsulların təqdim edildiyini, kart və ödəniş biznesinin inkişaf etdirildiyini, rəqəmsallaşmanın irəlilədiyini və marketinqdə qeyri-ənənəvi yanaşmaların tətbiq olunduğunu vurğulayıb. T.Ağakişiyev əməkdaşlara, İdarə Heyətindəki həmkarlarına, bankın İdarə Heyətinin sədri Davit Tsiklauriyə və Müşahidə Şurasına etimad və dəstəyə görə təşəkkür edib.
T.Ağakişiyev “AccessBank”a 2025-ci ilin aprelində baş əməliyyat inzibatçısı kimi qoşulub, həmin ilin dekabrından isə İdarə Heyətinin üzvü olub. Bundan əvvəl Azərbaycanın bankçılıq sektorunda fəaliyyət göstərən “Expressbank” ASC-də 16 ildən artıq çalışıb. O, 2021–2025-ci illərdə bankın İdarə Heyəti sədrinin müavini və baş maliyyə inzibatçısı vəzifələrini tutub, daha əvvəl kartlar və elektron ödənişlər üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.
Xatırladaq ki, sentyabrın 11-də Azərbaycanın bankçılıq sektorunda fəaliyyət göstərən “Bank Respublika” ASC-nin “AccessBank”ın səhmlərinin 100%-ni almasını nəzərdə tutan sövdələşmənin əsas şərtlərinin təsdiqləndiyi açıqlanıb. Razılaşmaya əsasən, “AccessBank”ın mövcud səhmdarları əvəzində “Bank Respublika”nın nizamnamə kapitalının ümumilikdə 25%-ni təşkil edəcək yeni imtiyazlı səhmləri əldə edəcəklər. Sövdələşmənin tamamlanması zəruri tənzimləyici təsdiqlərdən və digər şərtlərin yerinə yetirilməsindən asılıdır.
“AccessBank” 2002-ci ildə yaradılıb. Bankın səhmdarları arasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası yer alır.



Şərhlər