Tatarıstan parlamentində Mədəniyyət Nazirliyinin nümayəndəsinin çıxışından sonra dil məsələsi ilə bağlı qalmaqal yaranıb.
“AzPolitika” xəbər verir ki, Tatarıstan parlamentinin üzvü olan bir sıra deputatlar doğma dildən istifadənin məhdudlaşdırılmasına etiraz ediblər.
Parlamentdə tatat şair Qabdulla Tukayın 140 illik yubileyinə hazırlıqlara həsr olunmuş müzakirə gözlənilmədən rəsmi tədbirlərdə tatar dilinin rolu ilə bağlı qızğın müzakirəyə çevrilib. Parlament üzvü Hafiz Mirqalimov Mədəniyyət Nazirliyinin nümayəndəsinin rus dilindəki çıxışını sərt tənqid edərək soruşub: "Yuliya İldarovna, hanı tatar dili?"
Millət vəkilinin sözlərinə görə, tatar ədəbiyyatının və mənəviyyatının simvolu olan Tukayın adı ilə bağlı belə əhəmiyyətli bir mədəni tədbirdə ana dilində bir kəlmə belə danışılmaması qəbuledilməzdir: "Bütün tatar xalqı sizi dinləyir, amma siz bir kəlmə də tatar dilində danışmırsınız. Biz ikidilli cəmiyyətik və bu, belə çıxışlarda öz əksini tapmalıdır".
Tənqid Tatarıstan Respublikası Mədəniyyət nazirinin müavini Yuliya Adqamovanın yalnız rus dilində təqdim etdiyi hesabatdan qaynaqlanıb. Nazir müavini digər deputatların da dəstəklədiyi tənqidə cavab verə bilməyib.
“AzPolitika.info”

Şərhlər