Ukraynaya qarşı beşinci ildir davam edən işğalçı müharibə, Qərbin sanksiyaları, əsas ixrac məhsullarının bazarlarının itirlməsi, ilbəil artan hərbi xərclər Rusiya iqtisadiyyatını kollaps həddinə gətirib. Çünki iqtisadiyyatın hərbiləşdirilməsi və qeyd olunan problemlərlə yanaşı hökumətin yürütdüyü iqtisadi siyasət maliyyə və biznes sektorunu, istehsal sahələrini çıxılmaz vəziyyətə salıb. Nəticədə ilin birinci rübündə iqtisadi geriləməni gizlətmək mümkn olmayıb.
Bura Pensiya Fondunun, Sosial və Tibbi Fondun 1 trilyon 200 milyardlıq kəsirini və regionların büdcəsindəki təxminən 1,5 trilyonluq boşluğu da əlavə etsək, məlum olar ki, ötən il büdcə sisteminin ümumi kəsiri 8 trilyon 300 milyard rubl təşkil edib. Bu il hər şey eyni sxemlə, lakin daha pis vəziyyətdə davam edir.
Ötən il iqtisadiyyatda, təminatsız pul kütləsinin artımı hesabına olsa da, "Rosstat"ın hesabatlarında təxminən 1% artım görünürdü. İndi isə iqtisadiyyat sıxılır, süqut edir. Real istehsal sahəsini göstərən ən mühüm makroiqtisadi göstərici - yük daşımaları ardıcıl dördüncü ildir ki, azalır. İqtisadiyyatın sıxılması o deməkdir ki, investisiya, iş yerləri və mənfəət olmayacaq. "Rosstat"ın qiymətləndirməsinə görə, mənfəət bu ilin əvvəlində 30% azalıb, bu, Ukrayna ilə müharibənin başlanğıcından bəri rekord göstəricidir. Artıq müəssisələrin, hətta müdafiə sənayesi kompleksinin (MSK) belə insanların hərbi zavodlara gəlməsi üçün ödəməyə pulu yoxdur. Ümumi büdcə sistemindəki kəsir 12 trilyon rubldan çoxdur.
İsveç kəşfiyyatının məlumatına görə, Rusiyada real inflyasiya artıq 15%-ə çatır ki, bu da "Rosstat"ın mart ayının sonuna olan rəsmi 5,87% göstəricisindən təxminən üç dəfə yüksəkdir.

Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov da ölkədə iqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsindən danışıb. Reşetnikovun sözlərinə görə, bunu ən kəskin hiss edən biznesdir. Sahibkarların tədarükçülər və kontragentlər qarşısında borcları artır. Yanvar ayının sonuna olan məlumata görə, vaxtı keçmiş borcların həcmi 8,2 trilyon rubla çatıb. Ən çox problem emal sənayesi və ticarət sahəsindədir. Səbəblər: ÜDM-in azalması, tələbatın aşağı düşməsi və vergilərin artırılmasıdır. Mütəxəssislərin hesablamalarına görə, son bir ildə gəliri 2 milyard rubldan çox olan müəssisələr arasında vergi borclularının sayı 1,5 dəfə artıb. Ən çox borclu ticarət və tikinti sektorundadır.

Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov hesab edir ki, "dibi görmüş" iqtisadiyyat səbəbindən Rusiya 1917-ci il hadisələrinin təkrarlanması təhlükəsi ilə üz-üzədir: "Biz sizə on dəfə demişdik - iqtisadiyyat qaçılmaz olaraq iflas edəcək. Birinci rüb tamamilə dibə çökdü. Əgər təcili maliyyə-iqtisadi və digər tədbirlər görməsəniz, payızda bizi 1917-ci ildə baş verənlər gözləyir. Bizim bunu təkrar etməyə haqqımız yoxdur".
Ötən həftə Prezident Vladimir Putin iqtisadiyyatdakı problemlərdən bəhs etsə də, yenidən müharibəni xatırladıb və bəyan edib ki, bütün Rusiya İkinci Dünya Müharibəsində olduğu kimi "cəbhə üçün" çalışmalıdır.
"Rosstat"ın qeydlərinə görə, biznesin qarşılıqlı ödəniş etməməsi rekord həddə - 8 trilyon rubla çatıb. Maliyyə naziri Anton Siluanovun sözlərinə görə büdcə kəsiri onunla bağlıdır ki, ilin əvvəlində dövlət borclarını bağlamaları üçün şirkətlərə avanslar paylayıb. Lakin pullar xərclənib, borclar isə artmağa davam edir.

Siluanov, Putinlə görüşdən sonra büdcə kəsirinin artması barədə danışarkən bildirdi ki, şirkətlərə borclarını bağlamaları üçün qabaqcadan (avans) vəsait verilib. Lakin ödəniş problemi getdikcə böyüyür.
İqtisadçı Vladislav Jukovski yerli mətbuata bildirib ki, Siluanov vəziyyəti olduğundan yaxşı qələmə verir: “Ötən ilin mart ayına qədər büdcə kəsiri demək olar ki, 2 trilyon rubla çatmışdı. İndi isə bu rəqəm artıq 4 trilyon 600 milyard rubldur – yəni bir il əvvəlkindən 2,5 dəfə çoxdur. O vaxt Siluanov deyirdi ki, bizdə dövlət müdafiə sifarişi, tank, mərmi və PUA istehsalı üçün yeni maliyyələşdirmə sxemi var, müharibə gedir, ona görə də bu ödənişləri qabaqcadan edirik, ilin sonunda hər şey düzələcək. Bir il keçdi, yenə deyirlər ki, guya bu, birinci ildir və avans verilməsi prosesi gedir. Ötən il büdcədə 5 trilyon 600 milyard rubl kəsir yarandı – bu, ilkin vəd ediləndən 5 dəfə böyük bir "dəlik" deməkdir.
İranla müharibə nəticəsində "Urals" neftinin qısa müddətdə 100-120 dollara qalxması kömək edərmi? Bu, cəmi 1-2 trilyon rubl verər. Hər bir halda, kəsir ötən ilkindən daha böyük olacaq. Maliyyə Nazirliyinin məlumatına görə, xərclər illik müqayisədə 17% artır, gəlirlər isə kəskin şəkildə azalır:
Neft-qaz gəlirləri: -45% (demək olar ki, yarıbayarı)
Ümumi büdcə gəlirləri: -8%
Vergilər qaldırılıb, tələbat düşür, aktivlik azalır, investisiya böhranı dərinləşir”.

Lakin Putin keçən həftəki görüşündə iqtisadiyyatdan artım tələb edir. Jukovski buna belə cavab verir: "Heç bir artım ola bilməz. Siluanov və Nabiullina bunu çox yaxşı başa düşürlər. Putin də anlayır ki, artıq iqtisadiyyatın “yumşaq enişi” barədə danışmaq mümkün deyil. O, məsuliyyəti öz üzərindən atır: guya iqtisadiyyatın acınacaqlı vəziyyətinə, istehsalın və sənayenin çökməsinə, investisiya böhranına, inflyasiyanın sürətlənməsinə və büdcə gəlirlərinin azalmasına görə müharibə və sanksiyalar günahkar ola bilməz. Bütün iqtisadçılar xəbərdarlıq edirdilər ki, cari il üçün bu büdcə və proqnozlar bir nağıldır. Builki büdcə icra oluna bilməz. Kəsir 3,8 trilyon deyil, 8-10 trilyon olacaq. İqtisadiyyatda 1,3%-lik artım baş verməyəcək. Mülki iqtisadiyyatın bir çox sahələrində geriləmə olacaq:
Mebel, geyim və içki istehsalı: -10%, -15%, -20%.
Avtomobil, xüsusi texnika, yük maşınları və kənd təsərrüfatı texnikası istehsalı 30% azalır.
Putin isə məsuliyyəti üzərindən ataraq deyir ki, guya bir ildir iqtisadiyyatı sürətləndirməyi tapşırıb, amma onlar bunu bacarmırlar. Deməli, hökumətin istefasına hazırlaşmaq lazımdır. Bəlkə də Siluanov, Reşetnikov və Nabiullinanı işdən çıxarmaq lazımdır. Lakin onların əlindən heç nə gəlmir. Ortada müharibə var və Putin hərbi xərcləri maliyyələşdirmək üçün vergilərin qaldırılmasını tələb edir. Onlar vergiləri qaldırırlar, halbuki bunun iqtisadi artımı daha da boğacağını, istehsalı tənəzzülə aparacağını yaxşı bilirlər”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər