“Prezident Volodimir Zelenskinin səfəri Azərbaycanın müstəqil xarici siyasətinin, Ukraynanın sülh istəyinin nümayişidir. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin verdiyi bəyanatlar bir daha təsdiq etdi ki, Azərbaycan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə dair beynəlxalq öhdəliklərə sadiqdir”.
“AzPolitika” xəbər verir ki, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ukrayna liderinin Azərbaycana səfərinə münasibət bildirərəkən belə deyib.
Ukraynanın Azərbaycana dost ölkə olduğunu vurğulayan partiya sədri qeyd edib ki, xalqımız Ukraynada davam edən müharibəni öz faciəsi kimi qəbul edir, iki slavyan ölkəsi arasında müharibənin tezliklə başa çatmasını istəyir: “Azərbaycan davamlı olaraq Ukraynaya humanitar yardım edir. Ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşmalar, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə bəyanatların verilməsi təqdir olunmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Zelenskinin Rusiya ilə sülh danışıqlarının Azərbaycanda keçirilməsinə dair təklifi Ukraynanın Azərbaycana olan etimadlı münasibətinin və Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. “Zelenskinin təklifini nəzərə alıb, Rusiya və ABŞ ilə danışıqlar aparmalı, sülhə bacardağımız qədər daha böyük töhfə verməyə çalışmalıyıq. Zelenskinin təklifini alqışlayıram və mümkün hesab edirəm. İlham Əliyevin Zelenski ilə yanaşı Putinlə və Trampla olan yaxın şəxsi münasibətləri belə bir ümid yaradır”, - o qeyd edib.
Q.Həsənquliyev hesab edir ki, Rusiya Azərbaycanla Ukrayna arasında olan dostluq münasibətlərindən maksimum faydalanıb, yalnız müharibəyə son qoymamalı, həm də ədalətli qərarları ilə Ukrayna xalqı ilə barış əldə etməlidir: “Xalqlara başqalarının torpaqları və əbədi düşmənlər yox, ədalət və rifah lazımdır. Rusiya vətəndaşları və xalqları çoxdan sülh istəyir. Uzun illər birgə yaşamış xalqların bir-biri ilə müharibə etməsi böyük faciədir. Yalnız qarşılıqlı hörmət və ehtiram, bərabərhüquqlu əməkdaşlıq tarixi əlaqələri qoruyub saxlaya, düşmənçiliyə son qoya bilər”.
Azərbaycanda atom elektrik stansiyasının tikintisi barədə açıqlamanı dəyərləndirən partiya sədri bildirib ki, bu barədə qərar geniş müzakirələrdən sonra ümumxalq səsverməsi ilə qəbul olunmalıdır: “Əvvəllər bunun tərəfdarı olsam da, indi elmin və texnologiyanın inkişafı ilə təhlükəsiz, bərpaolunan enerji qaynaqları yaratmaq imkanlarımız var. Bu istiqamətdə ciddi işlər görülür. Ona görə qərar qəbul etməzdən öncə hər birimiz ciddi düşünməli, xalqın fikrini öyrənməliyik. Külək və günəş enerjisindən istifadə etməklə böyük bərpaolunan enerji ehtiyatı yarada bilərik. Biz, hazırda xaricə enerji satırıq. Atom enerjisi çox ucuz başa gəlir və xarici ölkələr tərəfindən şirnikləndirici biznes layihələri təklif oluna bilər. Çernobıl faciəsindən sonra Almaniya bütün nüvə reaktorlarının dayandırılması barədə qərar qəbul etdi. Allah uzaq etsin, bizim ərazimiz kiçik olduğundan, bir qəza baş versə Azərbaycanda həyat olmayacaq”.
Rasim
“AzPolitika.info”

Şərhlər