Təxminən 20 il sonra ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırılır.
"AzPolitika" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Qızların Təhsilinə Dəstək" layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində deyib.
Nazir qeyd edib ki, bütün ölkələrdə təhsil sahəsində aparılan qiymətləndirmə layihələrində 4-cü sinifdəki qızların nəticələri oğlanlardan yüksək olur:
"Amma 15 yaşlı uşaqların nəticələrində bu dəyişir. Həmin müddətdə nə baş verir ki, qızların nəticələri aşağı düşür. Bunun səbəbi daha çox qızların sosial həyatında məhdudlaşdırıcı addımlarla əlaqəlidir".
Nazir qeyd edib ki, son illər Azərbaycanda həm oğlanların həm də qızların təhsilində nəticələr yaxşılaşıb:
"Qızların nəticələrində fərq aradan qalxıb. Bu göstərici gələcəyə işıqla baxmağa imkan verir. Növbəti illərdə oxşar yanaşmalar qorunarsa, hazırda 15 yaşlı qızların 35-40 yaşı olanda ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq".


Şərhlər