İlham Şaban: “İtaliya Baş nazirinin Bakıya səfəri enerji əməkdaşlığının genişlənməsi ilə bağlıdır”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban İtaliya Baş nazirinin İrəvanda keçirilən tədbirdən sonra Bakıya gəlməsini şərh edib.Ekspert “AzPolitika”ya bildirib ki, bu addım təsadüfi deyil və əsas səbəb enerji sahəsində aparılan real danışıqlardır. Onun sözlərinə görə, qazla bağlı konkret sövdələşmələr məhz Bakıda daha real və nəticəyönümlü müzakirə olunur.İ.Şaban qeyd edib ki, bu tendensiya təkcə İtaliya ilə məhdudlaşmır. Onun sözlərinə görə, yaxın vaxtlarda Çexiyanın Baş naziri Petr Fiala da Azərbaycana səfəri zamanı illik 2 milyard kubmetr qaz idxalı məsələsinə toxunub. Ekspert vurğulayıb ki, rəsmi Praqa Azərbaycanla danışıqların davam etdiyini açıqlasa da, hələ yekun razılaşma əldə olunmayıb.İqtisadçı bildirib ki, İtalya Azərbaycanın əsas qaz bazarlarından biridir. Ötən TAP kəməri vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz ixrac olunub və bu, ölkənin qaz bazarında Azərbaycanın payını 16 faizə çatdırıb.“Son 5 ildə Azərbaycan İtaliya bazarına ümumilikdə 42 milyard kubmetrdən çox qaz satıb. Bu baxımdan İtaliya Azərbaycan üçün strateji bazardır”, – deyə İ.Şaban vurğulayıb.

Ekspert hesab edir ki, Azərbaycan İtaliyaya qaz ixracını daha da artıra bilər. Onun sözlərinə görə, bunun üçün “Abşeron-2” layihəsinin 2029-cu ildə işə düşməsini gözləməyə ehtiyac yoxdur.

İ.Şaban bildirib ki, əlavə qaz həcmləri iki əsas mənbə hesabına təmin oluna bilər. Bunlardan biri "Azeri-Çıraq-Günəşli" blokundan çıxarılacaq təbii qaz, digəri isə “yaşıl enerji” layihələrinin genişlənməsi nəticəsində daxili istehlakda qənaət ediləcək qazdır.

Ekspert əlavə edib ki, "Abşeron" qaz yatağı üzrə ikinci mərhələnin yalnız 2029-cu ildə tam gücə çıxacağı gözlənilir, lakin buna qədər də ixracın artırılması üçün imkanlar mövcuddur.

İ.Şaban vurğulayıb ki, İtaliya Azərbaycanı öz enerji təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirir. Onun sözlərinə görə, hazırda ABŞ və Əlcəzairdən sonra Azərbaycan İtaliyanın üçüncü ən böyük qaz təchizatçısıdır.

Ekspert qeyd edib ki, alternativ mənbələrdə risklərin artması – xüsusilə Qətərdə qaz emalı infrastrukturunun zərər görməsi və Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik – Azərbaycanın rolunu daha da gücləndirir.

İqtisadçı sonda bildirib ki, tərəflərin rəsmi bəyanatlarında konkret rəqəmlər açıqlanmasa da, enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində qarşılıqlı iradə açıq şəkildə ifadə olunub. Onun sözlərinə görə, mövcud infrastruktur və xüsusilə TAP kəmərinin genişləndirilməsi imkanları bu prosesi daha da sürətləndirə bilər.

Rasim Əliyev

AzPolitika.info"