Ramiz YUNUS,
Xəzər Beynəlxalq Universitetinin politologiya professoru
Ekzistensial təhlükələr dövründə əsas məsələ ideal idarəetmə forması yox, dövlətin özünü qoruyub saxlamaq və qalib gəlmək bacarığıdır
İnsanlıq tarixi sərt bir qanunauyğunluğu ortaya qoyur: dövlətləri yalnız dinc dövrdə necə idarə olunduqlarına görə deyil, ilk növbədə ən ağır sınaq anlarında özlərini necə aparmalarına görə qiymətləndirirlər.
Sülh dövründə cəmiyyət özünə siyasi mübahisələr, uzun-uzadı müzakirələr, müxtəlif qüvvələrin rəqabəti və mürəkkəb qərarqəbuletmə prosedurları kimi "dəbdəbələri" rəva görə bilər. Demokratiyanın gücü də elə bundadır — o, fərqli rəyləri nəzərə almağa, hakimiyyətə nəzarət etməyə və səhvləri düzəltməyə imkan verir.
Lakin tarix elə məqamlar tanıyır ki, dövlət tamamilə fərqli bir seçim qarşısında qalır. Bəhs olunan mövzu artıq siyasi rəqabət deyil, dövlətin varolub-olmaması məsələsidir. Təhlükə altında olan politoloqların reytinqləri və ya növbəti seçkilərin nəticələri deyil, bütöv bir xalqın müstəqilliyi, ərazisi və gələcəyidir.
Bugünkü dünya məhz böyük sınaqlar dövrünə qədəm qoyub.
İllüziyaların dağıldığı XXI əsr
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü, beynəlxalq hüququn böhranı, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla bir çox beynəlxalq təsisatların faktiki iflici, Yaxın Şərqdə yeni münaqişələr, dünyanın böyük güc mərkəzləri arasında artan qarşıdurma — bütün bunlar İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının dərin böhran keçirdiyini göstərir.
Soyuq müharibə bitdikdən sonra çoxları inanırdı ki, dünya gücün yerini hüququn aldığı bir dövrə qədəm qoyub və beynəlxalq təşkilatlar dövlətlərin təhlükəsizliyinə zəmanət verə biləcək.
Lakin XXI əsr bu illüziyanı darmadağın etdi.
Məlum oldu ki, müdafiə mexanizmləri olmayan beynəlxalq hüquq çox vaxt yalnız bəyannamə olaraq qalır. Beynəlxalq tanınma faktının özü ərazi bütövlüyünün saxlanmasına zəmanət vermir və nəticə etibarilə hər bir dövlət özünün milli sağqalma strategiyasına malik olmalıdır.
Məhz buna görə də bu gün bir çox ölkələr qarşısında başlıca sual yaranır: Dövlət siyasi üstünlük üçün deyil, məhz var olmaq hüququ uğrunda mübarizə apararkən necə hərəkət etməlidir?
Şuşada ukraynalı həmkarlarla açıq söhbət
Bir neçə gün əvvəl Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilmiş azad Şuşada keçirilən IV Beynəlxalq Media Forumu zamanı ukraynalı həmkarlarımla səmimi söhbətimiz oldu. Onlar məndən Ukrayna ətrafındakı vəziyyətə və bu müharibənin mümkün inkişaf ssenarilərinə dair baxışlarımı bölüşməyimi xahiş etdilər.
Söhbət çətin keçdi, çünki bəzən həqiqi dostlar xoş gələn sözləri deyil, deyilməsi vacib olanları söyləməlidirlər. Mən də onlara səmimi cavab verdim.
Bildirdim ki, Ukraynanın bu gün apardığı belə bir müharibə şəraitində başlıca məqsədə — qələbəyə və dövlətçiliyin qorunub saxlanmasına nail olmaq üçün idarəetmə resurslarının və səlahiyyətlərinin maksimum cəmləşdirilməsi idarəetmə baxımından mütləqdir.
Anlayırdım ki, bu mövqe mübahisələrə səbəb ola bilər, lakin mənim gəldiyim qənaət nəzəriyyəyə deyil, tarixin amansız dərsliyinə əsaslanır.
Dövlət ekzistensial təhlükə ilə üz-üzə qaldıqda, sanki ətrafda sülh və sabitlik hökm sürürmüş kimi idarə oluna bilməz. Müharibə qərarların tam fərqli qəbul olunma sürətini, başqa cür məsuliyyəti və ölkənin bütün resurslarının fərqli səviyyədə səfərbər olunmasını tələb edir.
Bu, demokratiyadan imtina etmək demək deyil. Bu, sadə bir tarixi həqiqəti anlamaq deməkdir: demokratiyanı qorumaq üçün əvvəlcə dövlətin özünü qoruyub saxlamaq lazımdır.
Ev yanarkən əsas vəzifə yanğını söndürməkdir. Şübhəsiz ki, bundan sonra yanğının niyə baş verdiyini, kimin səhv etdiyini və nəticələrə görə kimin cavabdeh olduğunu araşdırmaq lazımdır. Lakin yanğınsöndürənlərdən binanı söndürməyi dayandırıb, həmin anda yanğının səbəbləri barədə siyasi müzakirə aparmağı tələb etmək olmaz! Əvvəlcə insanları xilas etmək, sonra araşdırma aparmaq lazımdır.
Eləcə də müharibə şəraitində olan dövlət, ilk növbədə, öz varlığına yönəlmiş təhlükəyə qalib gəlməlidir.
Çörçill nümunəsi: "Əvvəlcə dövləti xilas etmək lazımdır"
Tarix bizə buna bənzər çoxlu misallar təqdim edir.
İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya demokratik dövlət olaraq qalırdı. Parlament işləyirdi, siyasi partiyalar mövcud idi, demokratik təsisatlar qorunurdu. Lakin eyni zamanda, Uinston Çörçillin hökuməti müharibəni aparmaq üçün zəruri olan fövqəladə səlahiyyətlər aldı.
Bütün ölkə tək bir məqsədə — qələbəyə tabe etdirildi. İqtisadiyyat, sənaye, nəqliyyat, istehsalat — hər şey faşist Almaniyasına müqavimət göstərmək üçün səfərbər olundu.
Və o zaman heç kim Britaniyanın demokratiyadan imtina etdiyini iddia etmirdi. Hər kəs anlayırdı ki, əgər ölkə müharibədə uduzsa, demokratik dəyərləri qoruyacaq heç kim qalmayacaq.
Məhz o zaman Çörçill özünün məşhur ifadəsini işlətmişdi:
"Demokratiya idarəetmə formalarının ən pisidir, əgər bəşəriyyətin zaman-zaman sınadığı digər formaları nəzərə almasaq..."
Bu ifadə çox vaxt yalnız demokratiyanın müdafiəsi kimi qəbul edilir, lakin onun başqa bir tərəfi də var. Çörçill anlayırdı: demokratiya yalnız dövlət özünü qoruya bildiyi təqdirdə mövcud olur.
Məhz burada bu gün Ukrayna üçün xüsusilə aktual olan vacib bir sual ortaya çıxır: Ərazilərin, insan həyatının və dövlətin gələcəyinin tərəzidə olduğu genişmiqyaslı müharibəni yalnız sülh dövrünün mexanizmlərindən istifadə edərək aparmaq mümkündürmü?
Mənim fikrimcə — XEYR.
Müharibə zamanı dövlət vahid bir mexanizm kimi fəaliyyət göstərməlidir. Hər bir əmr sonsuz razılaşdırma mövzusuna çevrilirsə, ordu qalib gələ bilməz. Operativ qərarlar uzun-uzadı siyasi prosedurlara çevrilərsə, dövlət sistemi effektiv işləyə bilməz.
Müharibə həmişə təkbaşna komandanlıq, məsuliyyət və sürət tələb edir. Məhz buna görə də müharibə edən ölkənin Ali Baş Komandanı qərar qəbul etmək üçün zəruri səlahiyyətlərə malik olmalıdır. Xüsusən də bu lider hakimiyyətə demokratik seçkilər yolu ilə gəlib fəaliyyət göstərirsə və xalq ölkəyə rəhbərliyi onun tarixinin ən ağır məqamında məhz ona həvalə edibsə.
Əlbəttə ki, müharibə başa çatdıqdan sonra cəmiyyət hakimiyyətin əməllərini qiymətləndirmək imkanına malik olmalı, demokratik təsisatlar işləməli, siyasi rəqabət olmalı və nəticələr çıxarılmalıdır.
Lakin əvvəlcə QALİB GƏLMƏK lazımdır! Çünki uduzan dövlət artıq öz siyasi modelini seçmək imkanına malik olmayacaq.
Azərbaycanın tarixi təcrübəsi və "Şuşa dərsi"
İndi isə Azərbaycanın təcrübəsi bəhs etdiyimiz kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
Mən 1990-cı illərin əvvəllərini yaxşı xatırlayıram. O vaxtlar Azərbaycanın hökumətində, daha sonra isə parlamentində rəhbər vəzifələrdə çalışırdım. Gənc müstəqil ölkənin bir çox nümayəndələri kimi mən də səmimi qəlbdən inanırdım ki, Soyuq müharibə başa çatdıqdan sonra beynəlxalq hüquq və demokratik Qərb bizim təhlükəsizliyimizin və ərazi bütövlüyümüzün təbii zəmanətçisinə çevriləcək.
O zaman inanırdıq ki, əgər dövlətin tərəfində beynəlxalq hüquq varsa, beynəlxalq sistem hökmən ədaləti bərpa edəcək. Lakin reallıq qat-qat mürəkkəb çıxdı.
Çox tezliklə bəlli oldu ki, dünya siyasəti yalnız prinsiplər üzərində deyil, maraqlar, güc balansı və dövlətin öz mövqelərini müstəqil müdafiə etmək bacarığı üzərində qurulur.
Postsovet məkanının bir çox dövlətləri eyni problemlə üzləşdilər: Azərbaycan, Gürcüstan, Moldova, daha sonra Ukrayna... Onların hamısı dağılmış sovet imperiya sisteminin tam başa çatmamış fəsadları və ərazi münaqişələri ilə toqquşdular.
"Dondurulmuş münaqişələr" Moskva üçün qonşu dövlətlərə təsirini saxlamaq alətinə çevrildi və o zaman hər bir ölkə qarşısında eyni sual dururdu: Kimsə gəlib problemi həll edəcək deyə gözləmək, yoxsa öz milli strategiyasını yaratmaq?
Azərbaycan ikinci yolu seçdi.
1994-cü ildə Bişkek protokolunun imzalanmasından və hərbi əməliyyatların aktiv fazasının dayandırılmasından sonra dövlətimiz sadəcə siyasi həlli gözləmədi, gələcəyin təməlini qoymağa başladı.
Həmin 1994-cü ilin payızında "Əsrin müqaviləsi"nin imzalanması yalnız iqtisadi hadisə deyildi, böyük strateji addım idi. Azərbaycan iqtisadiyyatını möhkəmləndirmək, beynəlxalq investisiyaları cəlb etmək, yeni energetika layihələri yaratmaq və müstəqil siyasət üçün baza formalaşdırmaq imkanı əldə etdi.
Paralel olaraq müasir ordu quruldu, dövlət sistemi möhkəmləndirildi, diplomatiya inkişaf etdirildi, beynəlxalq tərəfdaşlıqlar yaradıldı. Bütün bunlar vahid, uzunmüddətli strategiyanın tərkib hissəsi idi. Məhz buna görə də Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki Qələbəsi təsadüf olmadı!
Bu, demək olar ki, otuz illik ardıcıl dövlət siyasətinin mənsubi nəticəsi idi.
Bu gün Beynəlxalq Media Forumunun keçirildiyi Şuşa şəhəri məhz bu tarixi prosesin rəmzidir. Şuşa göstərir ki, dövlətin strategiyası, siyasi iradəsi və məqsədinə doğru ardıcıl getmək bacarığı varsa, itirilmiş torpaqlar geri qaytarıla bilər.
Azərbaycan ən yaxşı şəraitə malik olduğu üçün qalib gəlmədi. Azərbaycan məhdud imkanlarını uzunmüddətli strategiyaya çevirməyi bacardığı üçün qalib gəldi!
"Qanla gedən, yalnız qanla qayıdır!"
Bugün Azərbaycan təcrübəsi yalnız bizim üçün deyil, Ukrayna, Gürcüstan, Moldova və təkcə postsovet məkanında olmayan bir çox ölkələr üçün vacibdir. Yeri gəlmişkən, bu məqam Azərbaycan Prezidentinin konfrans iştirakçıları ilə görüşündə və ona verilən suallarda da özünü çox qabarıq göstərdi.
Bu təcrübə öz ərazi bütövlüyü çağırışları ilə üzləşən bütün dövlətlər üçün vacibdir. Əsas dərs isə birdir: Güclə alınmış heç nəyi heç kim könüllü olaraq geri qaytarmır!
Azərbaycanda dedikləri kimi: "Qanla gedən, yalnız qanla qayıdır".
Bu, müharibəyə çağırış deyil, tarixi reallıqdır. Təcavüzkar yalnız diplomatik bəyanatların təsiri altında təcavüzün nəticələrindən nadir hallarda imtina edir. Ədalətin bərpası üçün yalnız haqlı olmaq və beynəlxalq dəstək kifayət etmir; eyni zamanda güc, strategiya və dövlət iradəsi də mütləqdir.
Bu gün Azərbaycan zəiflikdən subyektliyə doğru yol keçmiş dövlət nümunəsidir. 1990-cı illərin əvvəllərində müstəqilliyini qorumaq üçün mübarizə aparan bir ölkədən bu gün öz regionunda və onun hüdudlarından kənarda proseslərə təsir etmək iqtidarında olan orta gücə (middle power) çevrilmişdir.
Azərbaycanın keçdiyi yol sadə bir həqiqəti nümayiş etdirir: Kiçik və orta dövlətlər böyük dövlətlərin siyasətinin obyekti olmağa məhkum deyillər, lakin bunun üçün onların öz müstəqil strategiyaları olmalıdır.
Son söz vaxtı: Tarix bəlağətli şüarları deyil, sağ qalanları yazır
XXI əsrin dünyası mürəkkəbləşməkdə davam edir. Köhnə qaydalar dözümsüzləşir, beynəlxalq zəmanətlər isə yetərsiz qalır. Belə şəraitdə dövlət, ilk növbədə, öz gücünə arxalanmağı öyrənməlidir.
Məhz buna görə də bu gün əsas sual hansı idarəetmə formasının ideal olması deyil — çünki ideal sistemlər mövcud deyil.
Əsas sual başqadır: Dövlət tarixinin ən mürəkkəb məqamında doğru qərarlar qəbul etməyə qadirdirmi?
Çünki nəticə etibarilə tarihi ən gözəl siyasi şüarlara malik olan dövlətlər yazmır. Tarixi sağ qalmağı və özünü qorumağı bacaran dövlətlər yazır!
Nikkolo Makiavelli zamanında yazırdı:
"Dövlətlər cəsarətlə qazanılır, müdrikliklə saxlanılır və arxayınlıqla itirilir."
Beş əsr keçməsinə baxmayaraq, bu sözlər bu gün də aktuallığını itirməyib. Tarix rəhmsizdir və məhv olmuş dövlətlərdən onların siyasi sisteminin nə dərəcədə mükəmməl olduğunu soruşmur.
Tarix yalnız bir sual verir: Bu dövlətlər öz azadlıqlarını, torpaqlarını və var olmaq hüquqlarını qoruya bildilərmi?
Çünki demokratiyanı bərpa etmək, siyasi təsisatları dəyişmək, hakimiyyətin səhvlərini düzəltmək mümkündür.
Lakin itirilmiş dövlətçiliyi geri qaytarmaq demək olar ki, qeyri-mümkündür.
"AzPolitika.info"

Şərhlər