Xalid NİYAZOV,

Əməkdar jurnalist

İmamverdi İsmayılovun nəsr və publisistikası bütövlükdə bir yazıçının təkcə sözə yox, həm də insana, onun pünhan dərdinə, yaddaşına və vicdanına münasibətinin ifadəsidir. Onun nəsri ilə ilk təmasdan sezilir ki, müəllif üçün ədəbiyyat “bədii hadisə”dən çox, mənəvi müzakirə məkanıdır: o, hadisələri, xarakterləri, şəhəri, gündəlik həyatın xırda epizodlarını təsvir etməklə kifayətlənmir, hər dəfə eyni sualı yenidən gündəmə gətirir – insan nə üçün belə yaşayır və niyə belə əzab çəkir?

İ.İsmayılov sözə həm məsuliyyət, həm də şəfqətlə yanaşan, altını cizirik, azlıqda qalan yazarlarımızdandır. Onun nəsrində zahirən adi, hətta bayağı görünən situasiyalar – yas və toy mərasimləri, məhəllə söhbətləri, kimsəsiz bir qocanın tənha mənzili, şəhərin soyuq pilləkənləri – içəridən işıqlandırılır, mənalandırılır. Bu mənalandırma nə süni “filosofluq”, nə də quru didaktikadır; əksinə, təbiət, məhəllə, bazar, dəniz, yağış, uşaq, ana, kasıb, xəstə kimi obrazlar vasitəsilə insanın ontoloji vəziyyəti – qorxuları, tənhalığı, ümidləri, günah hissi, Allaha pənahı – səhnəyə gətirilir. İsmayılov üçün söz sadəcə təsvir aləti deyil, dərdin dilə gətirilməsinin, “için səsini” eşitdirməyin vasitəsidir.

Onun publisistikasında da eyni xətt qorunur: gündəlik həyatın sosial problemlərindən, cəmiyyətin əxlaqi aşınmalarından, laqeydlikdən, riyakarlıqdan danışarkən belə müəllif mübahisəni sonadək “çöldə” saxlamır, məsələnin həllini yenə insanın içində – vicdan, yaddaş, iman, məsuliyyət qatlarında axtarır. Başqa sözlə, o, həm nəsr əsərlərində, həm də publisistikasında ictimai mövzunu da mənəvi problem kimi səciyyələndirməyi bacarır. İmamverdi İsmayılovun publisist nitqində xalq müdrikliyi, atalar sözləri, məhəllə dilinin canlı intonasiyası ilə yanaşı, dərin bir fəlsifi narahatlıq da hiss olunur: “həyat nəyə görə bu qədər korlaşıb?”, “insan nə üçün öz taleyinin və başqasının dərdinin seyirçisinə çevrilib?”, “qədir bilməyən, xatirəyə çevrilmiş dəyərlərin bədəli nədir?”

Yazıçının ədəbiyyata münasibəti də bu mənzərədən kənarda qalmayıb. O, ədəbiyyatı nə pafoslu tribunaya, oxucu kütləsinə xitab kürsüsünə, nə də ki, günümüzün naqolay və ağrılı gerçəklərinin “müalicə klinikasına” çevirir. Onun üçün ədəbiyyat həm həqiqət axtarışı, həm də şəfa ehtimalıdır. O, bilir ki, bir hekayə, povest, roman dünyanı xilas etməyəcək, amma dünyadan sıxılan bir insanı öz labirintinin qaranlıq hücrəsində tək buraxmaya bilər. Məhz bu səbəbdən İmamverdi İsmayılov obrazlarını danlamır, onlara yuxarıdan baxmır, heç kimə “hazır resept” vermir. O, daha çox dinləyən və soruşan yazıçıdır: insanın nə üçün susduğunu, nə üçün qışqırmadığını, nə üçün içindən keçəni deyə bilmədiyini soruşan bir qələm.

İsmayılovun nəsrində və publisistikasında insan hər şeyin mərkəzindədir, amma bu insan idealizə olunmur. O, “çiy süd əmmiş”dir, zəifdir, əsəbi, hikkəli, bəzən qərəzli və zalımdır; lakin eyni zamanda uşaq kimi kövrək, ana səsi eşidəndə titrəyən, bir gül satan uşağın qarşısında utanmağı bacaran, iki söz duaya güc tapan varlıqdır. Yazıçı məhz bu ziddiyyətli bütövlüyü görməyə və göstərməyə çalışır. Onun insana münasibəti tənqidlə mərhəmətin, acı təbəssümlə rəhmin, ironiyayla ağrının incə balansı üzərində qurulub.

Bu mənada İmamverdi İsmayılovun “Labirint” kimi povestləri də, publisist yazıları da bugünkü oxucu üçün təkcə bədii təcrübə deyil, həm də mənəvi ayna funksiyasını yerinə yetirir. O, bizi “kənardan” seyr etmir, məhz içimizdən dillənir; vaxtın axarını, şəhərin sükutlu küçələrini, sıradan insan həyatının “kiçik” səhnələrini təsvir edərkən əslində varlığın böyük suallarını səsləndirir. Sözə, həyata, insana bu cür münasibət İmamverdi İsmayılovun nəsr və publisistikasının ümumi ədəbi‑bədii qayəsini, fəlsəfi arxitektonikasını müəyyənləşdirən əsas xəttdir və “Labirint” bu qayənin ən təmiz, ən aydın bədii təcəssümlərindən birikimi dəyərləndirilə bilər.

Povest həm də müasir Azərbaycan nəsrində insanın mənəvi‑psixoloji durumunu, xüsusən də urbanizasiya prosesinin fonunda formalaşan daxili boşluq və mənasızlıq hissini bədii‑fəlsəfi səviyyədə problemləşdirən əhəmiyyətli əsər kimi determinə edilə bilər. Əsərdə zahirən sıradan görünən bir günün, bir ahıl insanın həyatından seçilmiş kiçik bir zaman kəsiyinin təsviri fonunda, əslində bütöv bir ömrün, daha geniş götürsək, bütöv bir dövrün mənəvi mənzərəsi qurulur. Bu mənzərə həm fərdi, həm də kollektiv şüurun dərinliklərinə işıq salır; insanın özündən, cəmiyyətdən və Tanrıdan uzaq düşməsinin necə bir daxili labirintə çevrildiyini göstərir.

Povest sübh tezdən “bir əlçim gün işığı” ilə oyanan qəhrəmanın kiçik, amma rəmzi hərəkəti ilə başlayır. İlk cümlələrdən müəllif zaman anlayışını önə çəkir: qəhrəman “odlu-alovlu doğan günəşin də qüruba getdiyini”, hər şeyin “vaxtı‑vədəsi” olduğunu düşünür və özünə “Yatdın, vaxtı satdın!” deyə irad tutur. Burada sadə bir oyaniş səhnəsi həyatın məhdudluğu, insan varlığının faniliyi barədə ilkin təfəkkürə çevrilir. Vaxtın əldən qaçması yalnız fiziki yuxuya getmək anlamında deyil, bütövlükdə ömrün boşuna xərclənməsi, insanın öz həyatına möhlət tanımaması və yaşadığı illərlə yaşama tərzi arasındakı uyğunsuzluq kimi anlaşılır.

Qəhrəmanın həkimə müraciəti motivi süjetin səthi səviyyəsində tibbi bir hadisə təsiri bağışlasa da, mətnin fəlsəfi qatında insanın özünü anlamaq, özünün “daxili xəstəliyini” dərk etmək cəhdi kimi çıxış edir. Həkim bu ahıl şəxsdə “obsessiv‑kompulsiv pozuntu” diaqnozu qoyur, izah edir ki, bu, müəyyən hərəkətləri “dözülməyəcək səviyyədə təkrar etmək”dən ibarət psixoloji haldır. Lakin həkimin “Bu, çox maraqlı və qeyri‑adi bir xəstəlikdi” kimi soyuq, peşəkar müşahidəsi, xəstə üçün fəlakət olan bir halı “maraqlı klinik hal” səviyyəsinə endirməsi müəllif tərəfindən incə ironiyaya çəkilir. Tibbi dil burada insan ağrısına yad, rəsmi və distansial bir diskurs kimi görünür. Qəhrəmanın həyat eşqinin sönməsi, gündəlik təkrarlardan, eyni hərəkətləri təkrar-təkrar icra etməkdən yorulması, hər şeyi saymaq, yoxlamaq ehtirası, “günahkar axtarmaq” vərdişi – bütün bunlar təkcə nevrotik simptom deyil, həm də mənəvi‑ekzistensial vəziyyətin göstəricisidir. Müəllif bu diaqnozu fərdi psixikanın dar çərçivəsindən çıxarıb, müasir insanın ümumi halının metaforasına çevirir: cəmiyyət də eyni qaydada özünü təkrar edən hərəkətlər, çoxaldıqca mənası azalan davranışlar, nəticəsiz narahatlıq və içdən dağıdan şübhələr məngənəsindədir.

Qəhrəmanın resepti cırıb atması onun yalnız tibbi yardımdan imtinası deyil, həm də bəşəriyyətin rasional‑elmi “xilas” layihələrinə qarşı gizli inamsızlığının ifadəsidir. O, hiss edir ki, təkcə həbdən, qrafikdən, ümumi prosedurdan ibarət “müalicə” onun yaşadığı dərdi əhatə edə bilmir. Burada konflikt yalnız xəstə-həkim qarşıdurması deyil, insanın öz dərdinin ölçüsünü və mahiyyətini yalnız özünün bildiyi, heç bir sistemin bu ağrını tam “adlandıra” bilmədiyi haqda daha dərindən gedən fəlsəfi bir fikrə çevrilir. “Boş ver, şoğəribin adının necə olmağı guya nəyi dəyişəcək?!” – deyən qəhrəman diaqnozun adını deyil, varlığının mahiyyətini sual altına alır.

Əsərin məkan quruluşu klassik ədəbi xronotop anlayışını yada salır. Buradakı şəhər yalnız coğrafi məkan deyil, həm də psixoloji labirintdir. Klinikanın yarıqaranlıq, havasız dəhlizi, “quş qəfəsinə” bənzər otaqlar, dar dalanlar, tramvay və trolleybusların eyni xətt boyunca hərəkəti – hamısı təkrarın, çıxılmazlığın, yeknəsəkliyin, marşrutun dəyişmədiyi bir həyatın simvoluna çevrilir. Qəhrəmanın özü ilə həkim arasındakı qısa məsafə, sonra ev ilə klinika arasındakı yolu “saymaq” ehtiyacı, səkilərin aqlay daşlarını cüt‑tək hesablaması, evə qayıdanda pilləkənləri saya-saya qalxması – bütün bunlar labirint strukturunun həm xarici, həm də daxili səviyyədə mövcudluğunu göstərir. İnsan yaşadığı şəhərdə istiqamət itirdiyi kimi, öz şüurunda da istiqamət itirir; sayıla‑sayıla bitməyən pillələr, təkrar addımlanan yollar şüurun çarəsiz dairəvi hərəkətinin bədii modelidir.

Povestin əsas poetik tapıntılarından biri doğum evi ilə mərasim zalının yanaşı tikilməsi motividir. Qəhrəmanın bu təsadüf üzərində düşünməsi (“Guya, bu iki binanı bir‑birindən aralı tiksəydilər, qurbanı olduğumun verdiyi ömür payı uzanacaqdı?!”) həyat və ölümün ayrılmazlığına, insanın nə qədər rasionallaşdırmağa çalışsa da, taleyin yazısını dəyişə bilməməsinə işarədir. Buradakı ironik sual qəddar bir gerçəyi xatırladır: insanın texnoloji və sosial inkişafı nə qədər artsa da, ontoloji həqiqət – fanilik dəyişməz qalır. Bu mənada “Labirint” modern insanın ölümlə münasibətini yenidən düşünən, ölüm faktını yalnız bioloji son deyil, mənanın əsas şərti kimi dərk etməyə çağıran bir mətn kimi oxuna bilər.

Qəhrəmanın tənhalığı yalnız fiziki tək qalmaq əndişəsi kimi təqdim olunmur; əksinə, müəllif onu “ömrün payız vədəsi” ilə əlaqələndirərək varlığın dərin həsbi-halı kimi çizir. O, ətrafında “bir yığın adam ola‑ola” yalqız qala bilər; tanış‑biliş, domino oynayan qocalar, məhəllə sakinləri, toy və yas məclislərindəki “adam çoxluğu” tənhalığı aradan qaldırmır, əksinə, daha da intensivləşdirir. Bu, Heideggervari anlamda “das Man” – “qələbəlik” içində “mən”in itib getməsi halıdır; bir başqa sözlə, şəxsiyyətin anonim kütlənin davranış və dəyərləri içində öz mahiyyətini itirməsidir. Qəhrəman məhz buna görə “məhəllədə çoxunnan qaçaq düşür”, “gülüşləri də, sözləri də saxta” olan insanlardan uzaq gəzir. Onun üçün yalan yalnız deyilən söz deyil, bütöv bir həyat tərzidir; “dediyi yalan vərdişə çevrilən” insan artıq özünü də aldadan varlıqdır.

Mətn boyu işlədilən metaforalar və simvollar bu mənəvi labirintin poetik xəritəsini cızır. Dəniz təsviri bu baxımdan xüsusi diqqətə layiqdir. Dəniz onun üçün təkcə təbiət mənzərəsi deyil, həyatın özüdür. Dalğaların ritmi, yeddinci və üçüncü dalğaların bir‑birini “basması”, sahildə çürüyən yosunlar, geri çəkilən sular – hamısı insan ömrünün gəliş‑gedişinə bənzədilir. Dəniz bəzən insanın çirk‑pasından, mənəvi kirliliyindən bezmiş kimi “qınına çəkilir”, “yayılan dalğasını qarnına yığıb quruyur”. Burada təbiət, sanki insan dünyasının əxlaqi mənzərəsinə reaksiya verir: insan çirkləndikcə dəniz də çirklənir, insanın içində ümid öləndə dalğalar da “ölür”. Bu paralelləşdirmə mətnə ekoloji, həm də metafizik ölçü qatır: dünya yalnız maddi bir sistem deyil, insan ruhunun halına həssas, onunla əlaqəli bir varlıq kimi qavranılır.

Əsərin ən təsirli simvolik səhnələrindən biri gülsatan uşaqla bağlı epizoddur. Soyuğa, ehtiyaca baxmayaraq, “minnətsiz yaşamaq üçün” çalışan, “dilənməyən”, halal qazanmağı prinsipləşdirən bu uşaq yaşamaq iradəsinin, gələcəyə yönəlmiş ümidin təcəssümüdür. Qəhrəmanın isə eyni anda həm onun saydığı pulu, həm də özünün “kəfən haqqı” üçün topladığı vəsaiti düşünməsi, “O, yaşamaq üçün sayır, mənsə yaşadığımı unutmaq üçün...” deməsi iki fərqli ontoloji mövqeyi qarşılaşdırır: biri həyatın əvvəlində, digəri sonuna yaxın; biri varlığın davamına, digəri isə yoxluğa hazırlanmaqdadır. Lakin uşaq puldan imtina edəndə – “Əmi, mən dilənmirəm eee, gül satıram” – əxlaqi üstünlük məhz uşağın tərəfində qalır. Burada müəllif insani ləyaqətin yaşdan asılı olmayaraq, fərdin, sosial individin özünə və əməyinə münasibəti ilə müəyyənləşdiyini göstərir.

Ananın obrazı və onunla bağlı xatirələr əsərin emosional‑metafizik mərkəzlərindən biridir. Ana yalnız keçmişdə qalmış bir insan deyil, həm də günümüzün bətnində yaşayan, qəhrəmanın şüuraltından gələn bir səsdir. Onun “könül süfrə deyil ha, açıb hamıya göstərə biləsən”, “Hər qapı açana ürəyini açma” kimi nəsihətləri qəhrəmanın həyat fəlsəfəsinə çevrilmişdir. Ananın toxuduğu kilim simvolik olaraq ömrün toxunması ilə eyniləşdirilir: “İnsan belədi, dizini qatlamadan barama qurdu kimi gecə-gündüz əlləşir, zülm-zillətlə tale xalısını toxuyur, ilmə atır, naxış vurur. Elə bilir ki, hər şeyi sona çatdırıb, yerbəyer edib, amma dönüb baxır ki, ömrün hansısa bir sapı qaçıb, hardansa nizamı pozulub”. Burada taleyin təkcə insanın əməllərinin nəticəsi deyil, həm də insan iradəsindən asılı olmayan təsadüfi, gözlənilməz müdaxilələrlə formalaşdığı fikri səslənir. Hər bir həyat kilimi, nə qədər mükəmməl görünsə də, bir yerdə “sapı qaçmış” qalır; məhz bu çatışmazlıq – ömür xalısından sökülən ilmə – insanın daim narahatlıq içində yaşamasının səbəblərindən biridir.

Povestin dili və üslubu xüsusi qeyd olunmalıdır. Müəllif xalq danışıq dilini, atalar sözlərini, deyimləri fəlsəfi təhlillə və poetik metaforalarla üzvi şəkildə birləşdirir. “Arlını dərd çürüdür, arsız dərdi çürüdür”, “İnsan çiy süd əmib”, “Girdiyin qapıdan çıxmağı da bacarmalısan” kimi ifadələr bədii mətnin içində yalnız folklor əlavəsi kimi deyil, fəlsəfi tezis kimi işləyir; qəhrəmanın müşahidələrini xalq müdrikliyinin daha geniş kontekstinə bağlayır. Eyni zamanda, cümlələr tez‑tez ritmik şəkildə qısalır, paralel sintaktik strukturlar yaranır: “Nəfs var, həvəs yox... Əzab var, nəfəs yox...”, “Heç nə, heç nə yoxdu”, “Hər əldə bir çirk, hər baxışda bir nəfs...” Bu ritm daxili gərginliyin, psixoloji sarsıntının, mütəmadi təkrarların bədii ifadəsidir; mətnə poeziya ilə nəsr arasında aralıq bir ton qazandırır.

Əsərin fəlsəfi yükü xüsusilə insan-Tanrı münasibətlərinin təqdimatında üzə çıxır. Qəhrəman Allaha üsyan edən deyil, daha çox sual verən, “xeyirlisini qismət elə” deyə dua edən, öz taleyini tam anlamasa da, onu qəbul etməyə çalışan biridir. O, “Ey məni məndən gözəl bilən Rəbbim!” – deyə, dua etdikdə Tanrının insanın özündən belə yaxşı tanıdığına inam ifadə olunur. Bu inam paradoksal şəkildə həm təsəlli, həm də ağrı mənbəyidir: əgər Tanrı hər şeyi bilirsə, niyə insan bu qədər əzab çəkir? Bu sual Kamyu, Sartr və digər ekzistensialist filosofların qoyduğu “absurd” problemini xatırladır; lakin “Labirint”də cavab tam rasionallaşdırılmır, daha çox metafizik bir sükut içində qalır.

Povestin finalı açıq, lakin güclü simvolik çaları ilə seçilir. Ahıl insan 15‑ci mərtəbədəki mənzilinin eyvanına çıxır, aşağıya – “rəngli daşların sıralandığı lal səkiyə” baxır, uşaqlıq tonqallarını, dostları ilə birlikdə “ağırlığım‑uğurluğum burda qalsın” deyə hoppandığı o qayğısız günləri xatırlayır. İndi isə nə tonqal var, nə də halay; “heç nə, heç nə yoxdu”. Küləyin, yağışın, qaranlığın fonunda onun içində iki səs üz‑üzə gəlir: yaşamaq eşqinin zəif, boğuq pıçıltısı və tükənmişliyin, mənasızlıq hissinin daha güclü çağırışı. Məhz bu anda azan səsi qaranlığı yarır, “bir Allah bəndəsinin ruhuna rəhmət oxunur”. Müəllif nə intihar aktını açıq şəkildə göstərir, nə də onu təkzib edir; yalnız nəticəni – ruhuna rəhmət oxunan bir bəndəni – qeyd edir. Beləliklə, labirintdən çıxış yolu bədii mətn səviyyəsində ölüm kimi görünür; lakin fəlsəfi planda bu final qapalı qənaət yox, açıq sualdır: insan labirintdən yalnız ölüm vasitəsiləmi çıxır, yoxsa bu, onun seçimidir, başqa yollar da var idi, amma o görmədi? Həyatın “hamletvari” sualları…

“Labirint” bu mənada təkcə bir fərdin xəstəlik tarixçəsi və ya psixoloji portreti deyil; müasir Azərbaycan cəmiyyətinin mənəvi durumunun, post‑sovet dövründə dəyərlərin, sosial münasibətlərin, insan etimadının aşınmasının bədii‑filosofik panoramıdır. Urban məkanda (şəhər mühitində), sosial labirintdə, mənəvi dəyərləri sarsılmış bir zamanda yaşamağın psixoloji ovqatsızlığı, disharmoniyası, yaşamaqla yaşaya bilməmək arasındakı gərginlik, insanın həm özünə, həm də Allaha ünvanladığı, amma tam cavab ala bilmədiyi suallar bu povesti sırf bədii mətn olmaqdan çıxarıb, eyni zamanda elmi‑fəlsəfi müzakirə mövzusu səviyyəsinə yüksəldir. Burada insan varlığının ən zərif, ən ağrılı, ən trivial nöqtələrinə toxunulur və “labirint” yalnız şəhərin yox, həm də şüurun, zamanın və taleyin konstruksiyası kimi təqdim olunur.

Bir daha vurğulamaq istərdik ki, əsərdə açıq ideoloji şüar yoxdur, lakin ümumi ovqatdan görünür ki, müəllif sosial dəyərlərin aşınmasını, etimadın, sədaqətin, insanlıq və mərhəmətin “ilğım kimi çəkilməsini” (“İnsanlıq, güzəşt, sevgi, dəyər, səmimiyyət, etibar, sədaqət ilğım kimi tələsik çəkilir”) müşahidə edir və bunun psixoloji nəticələrini göstərmək istəyir. Bu, tranzitar cəmiyyətlərdə – o cümlədən Azərbaycanda – kəskin yaşanan dəyər böhranının bədii modelidir. Və bu məqam yazıçının cəmiyyətin mənəvi təbəddülat və psixoloji yaşantılarını görüb də indifferent qala bilmədiyini göstərən mühüm elementdir.

İmamverdi İsmayılovun “Labirint”i həm müəllifin bədii dünyagörüşünün, həm də müasir insanın mənəvi durumunun son dərəcə yığcam və güclü ifadəsidir. Obsesiv‑kompulsiv pozuntu diaqnozu fonunda qurulan bu hekayət, əslində, bir fərdin xəstəlik tarixçəsindən daha çox, bütöv bir dövrün, zaman məsafəsinin ruhi xəritəsidir: şəhər labirintə, gündəlik təkrarlar mənasız rituala, insan isə həm özünün, həm də cəmiyyətin qarşısında aciz, yorğun, tənhalaşmış varlığa çevrilir.

Povestdə həkim-xəstə dialoqu, gülsatan uşaq, dəniz və dalğa təsvirləri, yas evi ilə doğum evinin yanaşı durması, hündür binanın eyvanında son baxış – hamısı bir yerdə müasir insanın fəci vəziyyətini – yaşamaq istəyilə yaşamaqdan bezmişlik arasındakı ziddiyyəti açır. Bu labirintdən çıxış yalnız fiziki məkanın deyil, həm də mənanın, imanın, vicdanın məsələsi kimi qoyulur.

“Labirint” göstərir ki, İmamverdi İsmayılov üçün ədəbiyyat nə quru təsvir, nə də sxematik didaktikadır; o, söz vasitəsilə insanın gizli ağrı nöqtələrinə toxunur, oxucunu sadəcə müşahidəçi yox, həm də öz daxili labirintinə baxan bir şahidə çevirir. Bu baxımdan povest həm müəllif yaradıcılığının, həm də çağdaş Azərbaycan nəsrinin müasir insan dramını ən aydın göstərən nümunələrindən biri kimi dəyərləndirilə bilər.