Ukraynadakı müharibənin maliyyələşdirilməsi xərcləri durmadan artdığı üçün Rusiya iqtisadiyyatı getdikcə daha da çoxalan təzyiq altındadır. 

“AzPolitika” xəbər verir ki, "Politico"da dərc edilən yazıda belə deyilir.

Nəşr yazır ki, gərginliyin son əlamətlərindən biri müharibə üçün vəsait toplamaq məcburiyyətində olan Maliyyə Nazirliyi ilə onu maliyyələşdirmək üçün getdikcə daha yüksək faiz dərəcələri tələb edən Rusiyanın ən böyük bankları arasındakı qarşıdurmadır.

Maliyyə Nazirliyi bir sıra hərraclarda alıcı cəlb edə bilməməsindən sonra istiqraz satışlarının dayandırıldığını elan edib. Nəşr qeyd edir ki, dövlət istiqrazlarının gəlirliliyi hazırda 13%-dən 17%-ə qədər dəyişir və Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini aşağı salsa, bu göstərici bir qədər də azala bilər.

Qeyd edək ki, son olaraq faiz dərəcəsi 14,25%-dən 14 faizə endirilib.

Rusiyanın ən böyük biznes lobbisi olan Rusiya Sənayeçi və Sahibkarlar Birliyi xəbərdarlıq edib ki, Mərkəzi Bank faiz dərəcələrini aşağı salmasa, "payız defoltları" dalğası baş verəcək. Qeyd olunur ki, onsuz da korporativ iflaslar ilk altı ayda təxminən 11% artıb.

Almaniya Beynəlxalq Təhlükəsizlik Məsələləri İnstitutunun analitiki Yanis Klugenin sözlərinə görə, Kreml bu il hərbi xərcləri azaltmağı planlaşdırırdı, lakin bunun əvəzinə həmin xərclər kəskin şəkildə artaraq ikinci rübdə dövlət xərclərinin təxminən yarısını təşkil edib.

Son iki ay ərzində Ukrayna dron hücumlarını əhəmiyyətli dərəcədə artırıb. Neft emalı zavodlarına edilən hücumlarla yanaşı, ölkə miqyasında yanacaq böhranına səbəb olan Ukrayna PUA-ları Qara və Azov dənizlərində 183 gəmiyə zərbə endirib və bu da Rusiyanın mühasirəyə alınmış Krıma yanacaq tədarükünü artırmaq cəhdlərini pozub, həmçinin qlobal bazarlara taxıl ixracını əngəlləyib. Rusiya fermerləri hətta alıcıların riskə getməməsindən və başqalarından taxıl almalarından şikayətlənirlər.

Vəziyyət “Wildberries” anbar mərkəzlərinə edilən hücumlarla daha da ağırlaşıb. Hücumlar nəticəsində milyardlarla dollar dəyərində mal məhv olub.

Nəşr Ukrayna Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert (Madyar) Brovdiyə istinad edib. Brovdi deyib: "Biz təcavüzkar dövlətin itaətkar biokütləsi üçün rahat və dinc bir həyat illüziyasını bir anda məhv etməkdən danışırıq".

“Wildberries” əsasən mülki şirkət olsa da, onun onlayn platforması müxtəlif ikili təyinatlı mallar, dronlar və gecə görmə cihazları satır. Buna görə də Ukrayna onu qanuni hədəf hesab edir.

18 iyuldan başlayaraq, Ukrayna Rusiyanın “Wildberries” logistika mərkəzlərinə zərbələr endirməyə başlayıb. Əsas hədəflər Elektrostal (Moskva vilayəti) və Kotovsk (Tambov vilayəti) anbarları olub.

24 iyulda eyni vaxtda üç “Wildberries” anbarına hücum edildi - ikisi Sankt-Peterburqda, biri isə Simferopolda. Bu gün isə şirkətin Yekaterinburqdakı böyük anabrı da vuruldu…

C.Məmmədli

“AzPolitika.info”