Bir neçə gün əvvəl Gürcüstanın Milli Statistika Xidməti mart ayında iqtisadi artımın 10,7 faiz, rüblük orta artımın isə 9,1 faiz olduğunu açıqlayıb.
İqtisadçı Eldəniz Əmirov Gürcüstanın son iqtisadi göstəricilərini şərh edərək ölkədə qeydə alınan yüksək artım dinamikasının əsas mənbələrini açıqlayıb.
"AzPoıitika" xəbər verir ki, ekspert bu göstəricilərin arxasında dayanan struktur amilləri təhlil edib.
E.Əmirovun sözlərinə görə, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi xarici ticarət olub. 2026-cı ilin yanvar-mart aylarında Gürcüstanın ixracı 23,4 faiz artaraq 1,72 milyard dollara çatıb. O, vurğulayıb ki, artımın böyük hissəsi təkrar ixracdan deyil, yerli istehsala əsaslanan ixracdan formalaşıb. Belə ki, yerli ixrac 75,1 faiz artıb ki, bu da emal sənayesi və istehsal zəncirində real genişlənmənin baş verdiyini göstərir.
İqtisadçı qeyd edir ki, iqtisadi dinamikanın ikinci mühüm sütunu nəqliyyat və logistika sektoru olub. Hesabat dövründə bu sahədə 13,5 faiz artım qeydə alınıb. Qara dəniz limanlarının aktivliyi, regional tranzit marşrutlarının genişlənməsi və Orta Dəhliz üzrə yük axınının artması bu yüksəlişin əsas səbəbləri kimi göstərilir.
Bununla yanaşı, informasiya və rabitə sektoru da iqtisadi artıma ciddi töhfə verib. Bu sahədə 12,2 faiz artım qeydə alınıb. Rəqəmsal xidmətlərə artan tələbat, texnoloji xidmət ixracının genişlənməsi və xarici sifarişlərin çoxalması sektorda dinamikanı gücləndirib.
Peşəkar və texniki xidmətlər sektoru da müsbət dinamika ilə seçilib. Burada 10,4 faiz artım qeydə alınıb. Konsaltinq, mühəndislik və korporativ xidmətlərə tələbatın artması bu yüksəlişi dəstəkləyən əsas amillərdən biri kimi qeyd olunur.
Tikinti sektoru da ümumi iqtisadi artımda mühüm rol oynayıb. Bu sahədə 8,7 faiz artım qeydə alınıb. Yeni investisiya layihələri, kommersiya obyektlərinin tikintisi və daşınmaz əmlak bazarındakı aktivlik sektora əlavə impuls verib.
Emal sənayesi isə 7,8 faiz artımla iqtisadi genişlənmənin əsas komponentlərindən biri kimi çıxış edib. Xüsusilə yerli istehsalın və ixracyönümlü məhsulların artması bu sahədə real istehsal bazasının genişlənməsinə şərait yaradıb.
İqtisadçı ümumiləşdirərək bildirir ki, Gürcüstan iqtisadi artımı əsasən ixrac yönümlü istehsal, tranzit-logistika imkanları və xidmət sektorunun genişlənməsi hesabına formalaşır.
Rasim
"AzPoıitika.info"

Şərhlər