Ermənistanın Baş naziri Nikol Paşinyanı tənqid və təhdid edən Rusiya rəsmilərinə və təbliğatçılarına Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqnov da qoşulub.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Dumasının plenar iclasında Gennadi Zyuqanov Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvandakı beynəlxalq tədbirdə Moskvanı 9 may paradı ilə bağlı təhdid etməsinə toxunub. O bu təhdidə görə Zelenskini təhqir etməklə yanaşı, Paşinyanı da sərt ittiham edib.
Zyuqanov rəsmi Moskvanı Paşinyanı dövlət başçısı qismində qonaq kimi qəbul etməməyə çağırıb: "Sual yaranır: niyə İrəvanda buna icazə verirlər və niyə Paşinyanı Moskvada qəbul edirlər? Mən israr edirəm ki, bu fiqur, ona necə səs verilməsindən asılı olmayaraq, bir daha paytaxtımızda görünməsin".
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Zelenskiyə meydan verməklə Rusiyanı alçaldıb və təhqir edib.
Xatırladaq ki, daha öncə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanı təhdid etmişdi. O, Ermənistanın indiki durumunu Ukraynanın müharibə ərəfəsindəki vəziyyətilə müayisə edib. Eyni müqayisəni Vladimir Putinin özü də aparıb.
“AzPolitika.info”

Şərhlər