Bu gün Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda Prezidentin ölkə xaricində silahlı qüvvələrdən istifadə səlahiyyətlərini genişləndirən qanunu təsdiqləyib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediası bununla bağlı rəsmi məlumat yayıb. "Vətəndaşlıq haqqında" və "Müdafiə haqqında" federal qanunlara düzəliş edən yeni sənədə görə, Vladimir Putin artıq xaricdə "həbs edilən, saxlanılan, barəsində cinayət təqibi və digər növ təqib aparılan Rusiya vətəndaşlarını qorumaq üçün” ordudan istifadə edə biləcək.

Qanuna izahat qeydinə görə, bu, Rusiya vətəndaşlarının "Rusiya Federasiyasının iştirakı olmadan səlahiyyətləri olan məhkəmələr" tərəfindən, eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən xaricdə həbs edildiyi hallara aiddir. Dövlət Dumasının mətbuat xidməti yazıb ki, yekdilliklə qəbul edilən qanun (384 deputat lehinə səs verib, əleyhinə və ya bitərəf qalan yoxdur) "Rusiya vətəndaşlarının dost olmayan xarici dövlətlərin qanunsuz hərəkətlərindən qorunmasını gücləndirməyi" hədəfləyir.

Bu qanunun qəbul edilməsinin əsas səbəblərindən biri də xarici sularda Rusiya “kölgə donanması”na aid gəmilərin və onların ekipajlarının həbsi zamanı Rusiyanın buna müdaxilə etməsi üçün “qanuni əsas” yaratmaqdır.

Qeyd olunur ki, Rusiya hakimiyyəti xüsusilə də aparıcı NATO dövlətlərinin Kremlin bir və ya daha çox Avropa ölkəsi ilə müharibəyə hazırlaşdığına dair bir sıra xəbərdarlıqlarından sonra Putinin başqa dövlətlərə ordu yeritmək səlahiyyətlərini genişləndirmək qərarına gəlib.

2026-cı ilin mart ayında ABŞ kəşfiyyatı xəbərdarlıq edib ki, Putin Ukraynadakı münaqişəni "qəsdən şiddətləndirə", hətta nüvə silahından istifadə təhlükəsi də daxil olmaqla, NATO ilə birbaşa qarşıdurma nöqtəsinə qədər gedə bilər.

“AzPolitika.info”