Ermənistanda parlament seçkisi yaxınlaşdıqca, siyasi mübarizə daha amansız xarakter alır. Tərəflər bir-birini ittiham, təhdid və təhqir edirlər.

“AzPolitika” xəbər verir ki, rusiyapərəst revanşist qüvvələrin əsas namizədi olan Robert Koçaryanın Baş nazir Nikol Paşinyanı “hambal” adlandırması qarşı tərəfin sərt reaksiyası ilə qarşılanıb. Koçaryan İrəvanda seçicilərlə görüşündə Paşinyanı “hambal” adlandıraraq, “ay hambal, bizim mili kimliyimizlə nə işin var”, - deyə soruşub. Koçaryan bununla Paşinyanın əvvələr müxalifəti Rusiyanın qulluğunda durduğu üçün “hambal” adlandırmasını xatırladıb və deyib ki, indi əsl “hambal” Paşinyandır. O iddia edib ki, “hambal” sözü hakim partiyada əsas sözlərdən biri kimi qəbul edilib və işlədilir.

Paşinyan Koçaryanın cavabını çox gözlətməyib. Baş nazir sosial şəbəkədə bununla bağlı videopaylaşım edərək deyib ki, doğrudan da onun partiyasında “hambal” sözündən istifadə olunur. Lakin bu, partiyada məhz Robert Koçaryan barədə istifadə olunan ifadədir. O qeyd edib ki, bu ifadə Ermənistanda geniş yayılıb. Onun dediyinə görə, Erməniatnda ayrı-ayrılıqda Robert adı, və Koçaryan soyadı hörmətlə qarşılanır: “Lakin bu adla soyad bir-birilə birləşəndə dönüb “hambal” olur. Başa düşdünmü, ay hambal?”.

Paşinyan əlavə edib ki, Koçaryan 2021-ci il seçkilərində uduzub. Qarşıdan gələn 7 iyun seçkisində də onu məğlubiyyət gözləyir.

“AzPolitika.info”