Məlum olduğu kimi, artıq 2026-cı il FIFA Dünya Çempionatının başlamasına sayılı günlər qalıb.
Bu mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünya çempionatı iyunun 11-də start götürəcək və final oyunu iyulun 19-da baş tutacaq.
2026-cı il futbol üzrə dünya çempionatının C qrupu da turnirin ən maraqlı və balanslı qruplarından biri kimi qiymətləndirilir.
Belə ki, C qrupunda beşqat dünya çempionu Braziliya, 2022-ci ilin yarımfinalçısı Mərakeş, tarixində ikinci dəfə mundiala vəsiqə qazanan Haiti və uzun fasilədən sonra mundiala qayıdan Şotlandiya yer alıb.

Bukmeker kontorları C qrupunun əsas favoriti kimi Braziliyanı göstərirlər. Karlo Ançelottinin rəhbərlik etdiyi komandanın qrup lideri kimi pley-off mərhələsinə yüksələcəyi gözlənilir. Qrupda ikinci yer uğrunda əsas mübarizənin isə Mərakeş və Şotlandiya arasında gedəcəyi proqnozlaşdırılır. Bununla belə, Haiti millisinin də sürpriz nəticələrə imza atmaq potensialı olduğu vurğulanır.
2026 dünya çempionatının qalibi olmaq baxımından Braziliya 8/1 əmsalla üçüncü favorit sayılır. Komanda 2002-ci ildən sonra ilk dünya çempionluğunu qazanmağa çalışacaq. Braziliya son illərdə mundiallarda yalnız bir dəfə 1/4 final mərhələsindən irəli gedə bilib. Braziliya millisinin heyətində Vinisius Cunior, Rafinya, Qabriel və Alison kimi ulduz futbolçular çıxış edir.

Mərakeş isə 2022-ci il dünya çempionatında tarix yazaraq yarımfinala yüksələn ilk Afrika komandası olmuşdu. Komanda həmin turnirdə Belçika, İspaniya və Portuqaliya kimi güclü rəqibləri geridə qoymuşdu. Mərakeş yığması 2026 dünya çempionatının seçmə mərhələsində də inamlı çıxış edərək bütün oyunlarda qələbə qazanıb. Komandanın əsas ulduzları arasında Əşrəf Hakimi, Brahim Dias, Yassin Bono və Noussair Mazraoui yer alır.

Qrupun autsayderi hesab edilən Haiti tarixində ikinci dəfə dünya çempionatında iştirak edəcək. Komanda sonuncu dəfə 1974-cü ildə mundialda çıxış edib və bütün oyunlarını məğlubiyyətlə başa vurmuşdu. Haiti seçmə mərhələdə Honduras və Kosta Rikanı qabaqlayaraq qrup lideri kimi mundiala vəsiqə qazanıb. Yığmanın heyətində İngiltərə Premyer Liqasında çıxış edən Can-Rikner Belleqard və Hannes Delkrua kimi futbolçular var.

Şotlandiya isə təxminən 30 ildən sonra ilk dəfə dünya çempionatında iştirak edəcək. Komanda seçmə mərhələdə Danimarka üzərində 4:2 hesablı qələbə sayəsində mundiala vəsiqəni təmin edib. Şotlandlar tarixlərində ilk dəfə qrup mərhələsini keçməyi hədəfləyirlər. Komandanın əsas ümidlərindən biri isə hazırda əla formada olan Skott Maktomineydir.
"AzPolitika.info"

Şərhlər