2026/27 mövsümündə Azərbaycan futbolunu Avropada təmsil edəcək klubların adına artıq tam aydınlıq gəlib.
Premyer Liqanın 32-ci turundan sonra “Sabah”, “Qarabağ”, “Turan Tovuz” və “Neftçi”nin avrokuboklarda iştirak edəcəyi rəsmiləşib.
Məlumdur ki, Azərbaycan futbolunun Avropadakı ən stabil komandası olaraq yenə “Qarabağ” göstərilir. Ağdam klubu artıq uzun illərdir ki, avrokuboklarda müntəzəm iştirak edir və UEFA səviyyəsində müəyyən təcrübə formalaşdırıb. Komandanın üstünlüyü ondadır ki, artıq Avropada necə oynamaq lazım olduğunu bilir. Lakin Ağdam təmsilçisi bu dəfə Avropa Liqasının birinci təsnifat mərhələsindən başlayacaq. Komanda UEFA reytinqinə görə səpələnmişlər sırasında olacaq ki, bu da klubun ilk mərhələlərdə nisbətən zəif rəqiblərlə qarşılaşmaq ehtimalını artırır. Lakin "Qarabağ"da son dönəmlər problemlər də az deyil. Son oyunlarda komandanın müdafiə xəttində ciddi boşluqların olduğu müşahidə edilirdi. Əgər yay transfer dönəmində müdafiəyə keyfiyyətli oyunçular cəlb olunmasa, daha güclü Avropa klubları qarşısında bu problem ciddi risklərə yol aça bilər. Buna baxmayaraq, ümumi mənzərədə “Qarabağ”ın ən azı Konfrans Liqasının əsas mərhələsinə qədər irəliləmə ehtimalı yüksək görünür.
Məlumdur ki, bu mövsümün ən diqqətçəkən komandası məhz “Sabah” kollektivi oldu. Klub tarixində ilk dəfə Azərbaycan çempionu olaraq Çempionlar Liqasına vəsiqə qazandı. Son illərdə infrastruktura, heyətə və məşqçi sisteminə ciddi yatırım edən Bakı təmsilçisi artıq bunun nəticəsini görməyə başlayıb. “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Komandanın üstün cəhəti sürətli futbol oynamasıdır. “Sabah” xüsusilə hücum xəttində dinamik görünür. "Sabah"da ən böyük sual doğuran məsələ isə klubun avrokubok təcrübəsidir. “Qarabağ”dan fərqli olaraq “Sabah”ın avrokubok təcrübəsi o qədər də yüksək səviyyədə deyil.

Bu mövsüm Azərbaycan futbolunda ən yaddaqalan hadisələrdən biri də “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanması idi. Bölgə klubu uzun illərdən sonra yenidən Avropaya qayıdır. “Turan Tovuz” Konfrans Liqasının ikinci təsnifat mərhələsindən başlayacaq. Bu müəyyən üstünlük sayıla bilər. Çünki komanda bir mərhələ az oynayacaq və hazırlıq üçün daha çox vaxt qazanacaq. Ekspertlərə görə, əgər yay transfer dönəmində bir neçə keyfiyyətli legioner gətirilərsə, “Turan Tovuz” sürpriz nəticələrə imza ata bilər.
Azərbaycan futbolunun ən köklü klublarından “Neftçi” də yenidən avrokuboklara qayıdır. Komanda Konfrans Liqasının birinci təsnifat mərhələsindən başlayacaq.
“Neftçi”nin əsas problemi oyun sisteminin tam oturuşmamasıdır. Komanda bəzi oyunlarda çox yaxşı təsir bağışlasa da, ardınca zəif çıxışlarla azarkeşləri məyus edir. Bununla yanaşı, klubun böyük azarkeş kütləsi və yetəri səviyyədə avrokubok təcrübəsi var. İlkin qiymətləndirmələrə görə, “Neftçi” yaxşı transfer siyasəti qura bilsə, Konfrans Liqasında bir neçə mərhələ keçməsi real görünür.
Tanınmış idman mütəxəssisi, "CBC Sport" kanalının və "Footcast TV"nin aparıcısı Elçin Cəfərov hesab edir ki, 2026/27 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar arasında əsas mərhələyə yüksəlmək baxımından ən hazır komanda məhz "Qarabag"dır.

O, "Azpolitika"ya açıqlamasında bildirib ki, “Qarabağ”ın uzun illərə söykənən avrokubok təcrübəsi komandanın əsas üstünlüyüdür.
Ekspertin sözlərinə görə, heyətdə hansı dəyişikliklərin olmasından asılı olmayaraq, Qurban Qurbanovun formalaşdırdığı sistem illərdir stabil şəkildə işləyir və bu amil komandanın Avropada uğur qazanmasına ciddi təsir göstərir: "UEFA reytinqi baxımından da “Qarabağ” müəyyən üstünlüyə malikdir və bu səbəbdən ilk mərhələlərdə nisbətən münasib rəqiblərlə qarşılaşmaq ehtimalı daha yüksək olur. Ağdam təmsilçisi digər Azərbaycan klubları ilə müqayisədə avrokuboklarda bir addım öndə görünür".
Ekspert "Neftçi"nin mövsümün gedişində gözlənilmədən Konfrans Liqasına vəsiqə qazanmasını da xüsusi vurğulayıb. O bildirib ki, komandanın baş məşqçisi Yuri Vernidub qısa müddətdə dağınıq vəziyyətdə olan kollektivi toparlamağı və vahid komanda formalaşdırmağı bacarıb. O qeyd edib ki, mövsümün əvvəlində bir çoxları “Neftçi”nin avrokuboklara düşəcəyinə inanmırdı.
Mütəxəssis "Turan Tovuz" və “Neftçi”nin Konfrans Liqasındakı şanslarının əsasən yay transferlərindən və püşkdən asılı olacağını düşünür. Bununla belə, o hesab edir ki, Azərbaycan klublarından minimum iki mərhələ keçmək tələb olunmalıdır.
“Elə rəqiblər olacaq ki, həm maliyyə, həm heyət keyfiyyəti baxımından bizim klublardan zəif görünəcəklər. Ona görə də artıq sadəcə iştirak yox, nəticə tələb etmək lazımdır”, – deyə ekspert bildirib.
E. Cəfərov “Turan Tovuz”un 30 illik fasilədən sonra avrokuboklara qayıtmasını mühüm hadisə adlandırsa da, komandanın oyun keyfiyyəti ilə bağlı müəyyən iradlarını da səsləndirib. Onun fikrincə, mövcud heyət daha keyfiyyətli və baxımlı futbol oynamağa qadirdir. Bununla belə, mütəxəssis Tovuz klubunun ən azı bir mərhələ keçməsinin vacib olduğunu vurğulayıb: "Avrokuboklarda iştirak təkcə meydana çıxmaq anlamına gəlməməlidir. Əsas məqsəd qələbələr qazanmaq və ölkənin UEFA reytinqinə xal toplamaq olmalıdır".

Mütəxəssis "Sabah" haqqında danışarkən isə klub daxilində formalaşan birliyi xüsusi qeyd edib. O bildirib ki, rəhbərlik, məşqçi heyəti və futbolçular vahid sistem şəklində fəaliyyət göstərirlər və bu, komandanın uğurunda mühüm rol oynayır:"Baş məşqçi Valdas Dambrauskas fərqli oyunçu profillərinə baxmayaraq, komandasına istədiyi oyun fəlsəfəsini aşılaya bilib. “Sabah” üçün əsas məqsəd Çempionlar Liqasının əsas mərhələsi olmasa da, minimum Avropa Liqası və ya Konfrans Liqasının liqa mərhələsinə yüksəlmək olmalıdır. Elə maliyyə yatırımları edilir, transferlər həyata keçirilir və futbol baxımından da müəyyən inkişaf görünür. Bütün bunlar "Sabah"ın ən azı Konfrans Liqasının əsas mərhələsində oynamağını zəruri edir”.
Sonda Elçin Cəfərov bildirib ki, Azərbaycan klublarının avrokuboklarda qazanacağı hər qələbə ölkənin UEFA reytinqinə müsbət təsir göstərəcək və gələcək mövsümlərdə daha münasib rəqiblərlə qarşılaşmaq baxımından mühüm rol oynayacaq.
Qeyd edək ki, Avrokubokların püşkatma mərasimləri 16-17 iyun tarixlərində keçiriləcək, oyunlar isə iyul ayında start götürəcək.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər