Məlum olduğu kimi, artıq 2026-cı il FIFA Dünya Çempionatının başlamasına sayılı günlər qalıb.
Bu mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünya çempionatı iyunun 11-də start götürəcək və final oyunu iyulun 19-da baş tutacaq.
2026-cı il futbol üzrə dünya çempionatının E qrupu da turnirin ən maraqlı qruplarından biri kimi qiymətləndirilir.
2026-cı il dünya çempionatının F qrupu turnirin ən balanslı və ən maraqlı qruplarından biri hesab olunur.
Qrupda Niderland, Yaponiya, İsveç və Tunis yer alır.

Kağız üzərində favorit Niderland sayılsa da, Yaponiya və İsveçin hazırkı forması qrupdakı mübarizəni tam açıq vəziyyətə gətirir. Tunis isə müdafiə intizamı ilə sürpriz etməyə çalışan komandadır.
Niderland qrupa ən komplektli heyətlə gələn komanda hesab olunur. Lakin komanda üzərində illərdir davam edən psixoloji yük də qalmaqdadır. Üç dəfə dünya çempionatının finalına yüksələn “narıncılar” hələ də kuboku qazana bilməyib.
Baş məşqçi Ronald Koeman komandanı daha balanslı sistemə çevirməyə çalışıb. Müdafiədə Vircil van Dayk və Yurrien Timber, yarımmüdafiədə isə Frenkie de Yong və Tijjani Reiynders komandanın əsas dayaqları sayılır.
Əsas sual isə hücum xəttidir. Memfis Depay hələ də komandanın ən vacib hücumçularından biri olsa da, sabit performans problemi yaşayır. Kodi Qakpo isə əsas qol təhlükəsi hesab edilir.
Niderlandın əsas sistemi 4-2-3-1-dir və komanda xüsusilə ilk 20 dəqiqələrdə yüksək temp və pressinqlə rəqibləri sıxışdırmağa çalışır.

Yaponiya son illərdə dünya futbolunda ən böyük inkişaf edən millilərdən biri sayılır. Komanda mart ayında əvvəlcə Şotlandiyanı, daha sonra isə “Uembli”də İngiltərəni 1:0 hesabı ilə məğlub edərək diqqətləri üzərinə çəkib. Yaponiya bununla İngiltərəni məğlub edən ilk Asiya komandası olub. Baş məşqçi Hayime Moriyasu yüksək pressinqə əsaslanan sistem qurub. Komanda topu itirdikdən sonra sürətli keçidlər və kollektiv hərəkətlərlə rəqiblərə ciddi problemlər yaradır.
Komanda əsasən 3-4-2-1 sistemi ilə çıxış edir və topu qazandıqdan sonra çox sürətli hücumlara üstünlük verir.

İsveç seçmə mərhələdə ən dramatik yollardan biri ilə mundiala vəsiqə qazanıb. Komanda qrupunu sonuncu sırada bitirsə də, Millətlər Liqası vasitəsilə pley-off şansı əldə edib. Baş məşqçi Qraham Potter qısa müddətdə komandaya yeni nəfəs gətirib. İsveç əvvəlcə Ukraynanı 3:1 hesabı ilə məğlub edib, daha sonra isə Polşanı dramatik oyunda keçərək mundiala yüksəlib.
Komandanın əsas silahı Viktor Qyokeres sayılır. Hücumçu həm fiziki gücü, həm sürəti, həm də cərimə meydançasındakı instinktləri ilə seçilir. Əgər Aleksandr İsak və Dejan Kulusevski zədədən tam qayıda bilsələr, İsveç qrupun ən təhlükəli hücum xətlərindən birinə sahib olacaq.
Komanda əsasən 3-4-2-1 sistemi ilə oynayır və cinah ötürmələri üzərindən təhlükə yaradır.

Tunis son üç dünya çempionatında ardıcıl iştirak edən Afrika komandalarından biridir. Komanda əvvəlki turnirlərdə olduğu kimi yenə də müdafiə intizamına arxalanır.
Baş məşqçi Sabri Lamouçi yanvar ayında komandanın sükanı arxasına keçib. Tunis mart ayında Haiti üzərində 1:0 hesablı qələbə qazanıb, Kanada ilə isə qolsuz heç-heçə edib.
Komandanın əsas fiqurlarından biri Ellyes Sxiri hesab olunur. Yaradıcı oyun baxımından isə diqqətlər Hannibal Mejbri üzərindədir.
Bukmekerlərə görə əsas favorit Niderland hesab olunur. Yaponiya və İsveç ikinci yer uğrunda əsas rəqiblər kimi göstərilir. Analitiklərin böyük hissəsi Niderlandın qrupu lider tamamlayacağını düşünür. Ən böyük intriqa isə ikinci pillə uğrunda olacaq. Yaponiya yüksək pressinqi və sürətli keçidləri ilə fərqlənir, İsveç isə fiziki gücü və hücum xətti ilə təhlükəlidir. Tunis isə müdafiə intizamı ilə favoritlərin planlarını poza biləcək komanda kimi qiymətləndirilir.
"AzPolitika.info"

Şərhlər