UEFA böyük futbol turnirlərinin seçmə mərhələsində yeni format tətbiq etməyə hazırlaşır.
"AzPolitika" xəbər verir ki, xarici mətbuatın yaydığı məlumata görə, dəyişikliklərin AVRO-2028-dən sonra UEFA Millətlər Liqası turnirində qüvvəyə minməsi planlaşdırılır.
Yeni sistem hazırda avrokuboklarda istifadə olunan “İsveçrə modeli”nə bənzəyəcək.
Layihəyə əsasən, Avropanın ən güclü 36 milli komandası Liqa 1-də çıxış edəcək. Bu yığmalar hərəsində 12 komanda olmaqla 3 qrupa bölünəcək. Digər milli komandalar isə Liqa 2-də mübarizə aparacaqlar.
Yeni qaydalara görə, hər yığma ümumilikdə 6 oyun keçirəcək. Matçların 3-ü öz meydanında, 3-ü isə səfərdə baş tutacaq və rəqiblər fərqli komandalar olacaq.
Liqa 1-də ən yaxşı nəticə göstərən komandalar Avropa və dünya çempionatlarına birbaşa vəsiqə əldə edəcəklər. Digər vəsiqələr isə pley-off mərhələsi vasitəsilə müəyyənləşəcək. Həmin mərhələdə Liqa 1 komandaları ilə yanaşı, Liqa 2-nin ən yaxşı kollektivləri də iştirak edəcək.
Aleksander Ceferin bildirib ki, yeni sistem seçmə mərhələlərdə rəqabəti artıracaq və maraqsız oyunların sayını azaldacaq. Onun sözlərinə görə, bu dəyişiklik azarkeş marağını da yüksəltməlidir.
Qeyd olunur ki, yeni formatın yekun təsdiqi sentyabr ayında Thessaloniki şəhərində keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq.
"AzPolitika.info"

Şərhlər