"Əgər prezidentliyə namizədliyimi qəbul etsəydim, “mən namizəd olacağam, Əkrəm getdi” desəydim, Mənsur Yavaş seçimini tükəndirsəydim, onlar üçün məndən yaxşısı olmazdı! Amma mən o deyiləm, biz o deyilik!"

“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) artıq keçmiş lideri və dünən məhkəmə qərarı ilə CHP sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özel gecə saatlarında keçirdiyi mətbuat konfransında deyib.

Özel iddia edib ki, İstanbul meri Əkrəm İmamoğlunu dəstəkləməkdən imtina etməsi müqabilində ona partiya sədri vəzifəsində qalmaq təklif edilib. Lakin o bundan imtina edib.

Özel məhkəmə qərarından sonra partiyanın Ankaradakı ofisini tərk edəcəyini açıqlayıb və deyib ki, bu posta “rahat müxalifətçi kreslosunda oturmaq” xatirinə deyil, partiya namizədinin Prezident seçilməsi üçün gəlib.

Özel məhkəmə qərarıyla partiyanın başına gətirilən Kamal Kılıçdaroğlunun ona zəng etdiyini, lakin bu zəngə cavab vermədiyini deyib: “Bu məhkəmə qərarından sonra onunla nə barədə danışım?"

O, həmçinin mübarizənin hüquqi çərçivədə aparılacağını bildirib və deyib ki, 38-ci CHP qurultayının nəticələrinin ləğvindən sonra artıq ilk apelyasiya şikayətini Ali Apelyasiya Məhkəməsinə təqdim ediblər və bu gün Ali Seçki Şurasına (YSK) apelyasiya verəcəklər.

Özel bir sensasiyalı açıqlama da verib. O iddia edib ki, bu məhkəmə qərarı hökumət daxilindəki bir qrupun işidir və Prezident bu qərarda maraqlı deyil: "Hökumət daxilində müəyyən bir qrup Prezident Rəcəb Tayyib Ərdoğanın məhkəmənin CHP ilə bağlı qərarına mane ola biləcəyindən qorxaraq hökm çıxarmağa tələsdi".

Özel çıxışı zamanı “dərin dövlət”lə bağlı da eyhamlar vurub. O, CHP sədri seçilməzdən əvvəl ona "Dövlətdən icazə aldınızmı?" kimi suallar verildiyini deyib.

Xatırladaq ki, dünən Ankara Bölgə Apellyasiya Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

C.Məmmədli

“AzPolitika.info”