Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın müttəfiqi sayılan Ermənistanın Baş nazirini növbəti dəfə təhqir edib.

“AzPolitika” xəbər verir ki, Medvedev yeni paylaşımında Nikol Paşinyana təbii qaz üçün vaxtında ABŞ-yə müraciət etməyi məsləhət görüb. Çünki Rusiya Avropa İttifaqını seçən Ermənistana əvvəlki ucuz qiymətlərlə qaz vermək fikrində deyil.

O hesab edir ki, Ermənistan Avropaya doğru istiqamətini dəyişərsə, Avrasiya İqtisadi İttifaqının yaratdığı imkanlardan istifadə edə bilməyəcək: "Amerika mayeləşdirilmiş təbii qazının dəniz yolu ilə birbaşa A ölkəsinin (Ermənistanı nəzərdə tutur-red.) limanlarına tədarükü ilə bağlı danışıqlara başlamağın vaxtıdır. Əgər biz Avropa qaz qiymətlərinə keçsək, ölkə əhalisi bu dayını(Paşinyanı-red.) qovacaq".

Medvedev xəbərdarlıq edib ki, Ermənistan 2014-cü ildə Kiyev hökumətinin yaşadığı aqibəti yaşaya bilər.

O qeyd edib ki, əgər Ermənistan Aİ ilə yaxınlaşma kursunu davam etdirərsə, qaz üçün Avropa qiymətlərini ödəməli olacaq: "Bildiyimiz kimi, iki stul arasında oturmağa çalışanlar ağrılı şəkildə öz əzilmiş oturacağı üstə yıxılmaq riski ilə üzləşirlər".

Medvedev xatırladıb ki, Ermənistan Rusiyadan qazı 1000 kubmetri 177,5 ABŞ dollarına alır. Avropada isə bu qiymət 570-590 dollardır.

“AzPolitika.info”