Fövqəladə Hallar Nazirliyi hazırda bəzi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlik bildirib ki, hazırda ayrı-ayrı rayonlarda yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Həmçinin, yaxın günlərdə də yağışlı və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.
FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə hallarla üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edib.
"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Təhlükə zamanı 112-yə zəng edin!", - deyə FHN bildirib.

Şərhlər