Ermənistanda keçirilən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası son mərhələyə qədəm qoyub. Seçkilərə cəmi bir həftə qalmış hakimiyyət və müxalifət düşərgəsi arasında gərginlik pik həddə çatıb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının inzibati resurslardan istifadə etməsi ilə bağlı səs-küylü faktlar üzə çıxdığı halda, müxalifət liderləri ölkəni Moskvadan gələn iqtisadi və siyasi təhlükələrlə qorxutmağa davam edir.
Qeyd olunur ki, təşviqat kampaniyasının növbəti günündə əsas hadisələr paytaxt İrəvandan kənarda - bölgələrdə qeydə alınıb.
Ermənistanın müxalif "Hraparak" qəzeti hakim partiyanın seçki kampaniyasında inzibati resurslardan açıq şəkildə istifadə etdiyini sübut edən səs yazısı yayıb. Səs yazısında Araqatsotn vilayətinin Byurakan kənd məktəbinin direktor əvəzi Varsenik Vardanyanın müəllimləri qubernatorun və hakim komandanın görüşünə topladığı aydın eşidilir.
Direktor müəllimlərə müraciətlə belə deyir: "Sizdən xahiş edirəm ki, cənab qubernatoru və onun komanda yoldaşlarını qarşılamaq üçün hamınız icra hakimiyyətinin binasının qarşısına toplaşasınız. Çoxlu qonaqlarımız olacaq, konsert proqramı təşkil ediləcək, hamınızın iştirakı mütləqdir".
Daha sonra "News.am" saytına müsahibə verən direktor əvəzi səs yazısının ona məxsus olduğunu inkar etməyib və müəllimləri Paşinyanın komandasının mitinqinə "səlahiyyətli orqanın nümayəndəsi" kimi dəvət etdiyini boynuna alıb.
Baş nazir Nikol Paşinyan isə öz növbəsində paytaxtın Nork-Maraş və Kanaker-Zeytun rayonlarında seçicilərlə görüşlər keçirib. Bu dəfə müxalifətlə kəskin polemikalara girməyən Paşinyanın kampaniyası ənənəvi yürüş, selfilər, musiqi və təmtəraqlı ziyafət süfrələri ilə yaddaqalan olub.
Axşam saatlarında tribuna qarşısına keçən baş nazir yenidən Ermənistanın regional layihələrindən, xüsusilə enerji daşıyıcılarının tranzitini nəzərdə tutan TRIPP layihəsinin perspektivlərindən danışıb.
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə İrəvanın “Azadlıq” meydanında izdihamlı mitinq təşkil edib. Paşinyan hakimiyyətinin "səhv etmək limitini çoxdan bitirdiyini" deyən Köçəryan, çıxışının böyük hissəsini son həftələr Moskvadan İrəvana yönələn təhdidlərə ayırıb.
Köçəryanın iddiasına görə, Rusiya Ermənistana faktiki olaraq ultimatum verib və əgər Paşinyan yenidən seçilərsə, ölkəni dərin iqtisadi böhran gözləyir: "Mənə inanın, nə dediyimi və nəyin naminə dediyimi yaxşı bilirəm. Bütün bunlar nəyin xatirinə edilir? Sırf bir nəfər öz kreslosundan bərk-bərk yapışsın, özünü o stula yapışdırsın deyə ölkəni fəlakətə aparırlar".
Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmağın tərəfdarı olan milyarder iş adamı Qaqik Tsarukyan ("Çiçəklənən Ermənistan" Partiyası) Lori vilayətində seçicilərlə görüşüb.
O da Köçəryan kimi Paşinyanın xarici siyasətini kəskin tənqid edərək, Rusiyanın addımlarının Ermənistan iqtisadiyyatını məhv edəcəyini bildirib: "Bu gün yollar bağlanıb. İnsanlar kredit götürüblər, sabah işçilərinə əməkhaqqı verə bilməyəcəklər".
Rusiyada fəaliyyət göstərən erməni milyarder Samvel Karapetyanın dəstəklədiyi "Güclü Ermənistan" bloku isə Şirak vilayətində xalqa iş yerləri vəd edib. Blokun siyahı lideri Narek Karapetyan bəyan edib ki, əhalinin Rusiyaya qazanc dalınca ("xopan") getməməsi üçün Şirakda təcili iş yerləri açılmalıdır.
"Maarifçi Ermənistan" Partiyasının sədri Edmon Marukyan da seçki kampaniyasını Şirakda, xüsusən Gümrü şəhərində davam etdirib. Marukyan seçiciləri elə səs verməyə çağırıb ki, Ermənistanda heç bir siyasi qüvvə parlamentdə bərabərsiz, mütləq çoxluq əldə edə bilməsin: "Biz 2018-ci ilə qədər mütləq hakimiyyətin ölkəni nə hala saldığını görmüşük, bu səhvi təkrarlamaq olmaz".
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin taleyini həll edəcək səsverməyə 7 gün qalır.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər