Fransa Prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının qalibi olan Paris Saint-Germainin (PSJ) qələbə qeyd etmələri zamanı baş verən iğtişaşları kəskin tənqid edib.
O, ölkənin müxtəlif şəhərlərində yaşanan zorakılıq səhnələrinin qəbuledilməz olduğunu bildirərək, hadisələrdə iştirak edən şəxslərə qarşı sərt tədbirlərin görüləcəyini açıqlayıb.
“Parisdə və ölkənin digər şəhərlərində gecə boyunca qəbuledilməz zorakılıq səhnələri gördük. Bunun adi hala çevrilməsini istəmirəm. Bu futbol deyil, bu idman deyil, bu bizim sevdiyimiz dəyərləri təmsil etmir. Saxlanılan hər kəsə qarşı güzəştsiz davranılacaq. Artıq bunu görmək istəmirik, bundan bezmişik”, – deyə Fransa lideri bildirib.
Prezident hadisələr zamanı təhlükəsizliyin təmin olunması üçün çalışan daxili işlər qurumlarının əməkdaşlarına da təşəkkür edib. O, Fransa Daxili İşlər Nazirliyinin rəhbərliyinin, Paris polisinin və digər təhlükəsizlik qüvvələrinin çətin şəraitdə fəaliyyət göstərdiyini vurğulayıb.
Fransa mətbuatının məlumatına görə, PSJ-nin qələbəsi münasibətilə təşkil olunan tədbirlər zamanı Parisdə vəziyyət gərgin olaraq qalır. Şəhərin məşhur Şan-de-Mar bölgəsi yaxınlığında azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb. Hüquq-mühafizə orqanları ərazidə toplaşan və asayişi pozan şəxsləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Xatırladaq ki, "PSJ" mayın 30-da keçirilən UEFA Çempionlar Liqasının finalında İngiltərə təmsilçisi "Arsenal"ı məğlub edərək tarixində ilk dəfə bu turnirin qalibi olub. Komandanın qələbəsindən sonra Fransa boyunca minlərlə insan küçələrə çıxaraq bayram edib.
"AzPolitika.info"

Şərhlər
Məncə,PSJ klubu keçən il də UEFA çempionlar liqasının qalibi olmuşdu.