2024-2025-ci tədris ili ərzində uşaqların təhsil hüququnun təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfransda məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə 16 yeni təhsil müəssisəsi inşa edilib, 8 təhsil müəssisəsində əsaslı təmir və əlavə korpusların tikintisi həyata keçirilib.

Komitə sədri qeyd edib ki, hazırda ümumi təhsil müəssisələrində 1 milyon 682 min 134 şagird təhsil alır, 138 min 332 müəllim fəaliyyət göstərir.

O vurğulayıb ki, ümumi orta təhsil səviyyəsini 156 min 618 şagird başa vurub, onların 135 min 695 nəfəri (86,6 faiz) tam orta təhsilə cəlb olunub, peşə təhsilinə qəbul olunanların sayı isə 4 min 461 nəfərdir.

B.Muradova əlavə edib ki, təhsildən yayınan 340 uşaq yenidən təhsil sisteminə qaytarılıb, məktəbəqədər təhsilə cəlbetmə göstəricisi isə 37,1 faizə yüksəlib.

"AzPolitika.info"