Rusiya hökuməti ölkədən aviasiya kerosininin (reaktiv mühərrik yanacağı) ixracına qəti qadağa qoyub. Rusiya Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən qərara əsasən, birja ticarəti vasitəsilə alınan yanacaq da daxil olmaqla, aviasiya kerosininin xaricə çıxarılması tamamilə dayandırılıb.

"AzPolitika" xəbər verir ki, Rusiya rəhbərliyi bu addımın "daxili yanacaq bazarında sabitliyin təmin edilməsi" məqsədilə atıldığını iddia edir.

Rəsmi sənədə əsasən, aviasiya kerosininin ixracına qoyulan bu qadağa müvəqqəti xarakter daşıyır və 30 noyabr 2026-cı il tarixinədək qüvvədə olacaq.

Rusiya mediası, xüsusilə RBK kanalıdiqqəti ona çəkir ki, bu, Rusiya tarixində aviasiya kerosininin ixracına qadağa qoyulması ilə bağlı ilk analoji haldır. Bu vaxta qədər Moskva reaktiv yanacağın xaricə satışını heç vaxt məhdudlaşdırmamışdı.

Hazırda Rusiyada təkcə aviasiya yanacağı deyil, digər strateji yanacaq növlərinin də ixracı bloklanıb. Daxili bazarda defisitin qarşısını almaq və yüksək tələbat dövründə qiymət artımını cilovlamaq üçün dövlət tərəfindən ciddi addımlar atılır:

Benzin ixracına tam qadağa: Bu qadağa 31 iyul tarixinədək qüvvədədir.

Dizel yanacağına qismən qadağa: Dizel yanacağının da xaricə satışı kəskin şəkildə məhdudlaşdırılıb və bu qərar hələ də qüvvədə qalmaqdadır.

Ekspertlər və analitiklər Rusiyanın ard-arda yanacaq qadağaları tətbiq etməsinin arxasında iki əsas amilin dayandığını qeyd edirlər:

Ukraynanın Rusiya NEZ-lərinə zərbələri: Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın daxilindəki neft emalı zavodlarına (NEZ) və yanacaq anbarlarına təşkil etdiyi davamlı dron hücumları ölkənin istehsal gücünə ciddi ziyan vurub. Bir çox böyük zavod sıradan çıxdığı üçün Rusiya daxili tələbatı ödəməkdə çətinlik çəkir.

Bundan başqa regiondakı gərginlik (xüsusilə Hörmüz boğazındakı fasilələr) dünya bazarında neftin qiymətini kəskin qaldırıb və qlobal miqyasda aviasiya yanacağı qıtlığı riski yaradıb. Belə bir vəziyyətdə Rusiya şirkətlərinin daxili bazarı unudaraq yanacağı daha baha qiymətə xaricə satmasının qarşısını almaq üçün Kremlin inzibati rıçaqları işə salmaqdan başqa çarəsi qalmayıb.

Rasim Əliyev

"AzPolitika.info"