"Rusiya Ukraynaya qarşı təcavüzkar siyasətini dayandırmaq barədə heç bir əlamət nümayiş etdirmir".

“AzPolitika” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte iyunun 3-də Kiyevdə ilk dəfə keçirilən Ukrayna-NATO Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bəyan edib.

Baş katib vurğulayıb ki, Kremlin niyyəti son hadisələrdə özünü aydın göstərir: "Kiyevə və Ukraynanın digər şəhərlərinə edilən amansız hücumlar bunun bariz sübutudur. Mülki əhali arasında çoxlu sayda həlak olanlar və yaralananlar var, infrastruktura ciddi ziyan dəyib".

Ukrayna Prezidenti Volodimir Zelenski Mark Rutte ilə söhbətində bu mühüm görüşün məhz Ukraynada keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, bu format “tərəfdaşların diqqətini əsas təhlükəsizlik məsələlərinə yönəltməyə kömək edir”.

Görüşün yekunlarına toxunan Ukrayna Prezidenti olduqca maraqlı bir bəyanatla çıxış edib. Zelenski bildirib ki, rəsmi Kiyev ərazilərində Rusiya dronları aşkar edilən ölkələrə hava məkanının qorunmasında köməklik göstərməyə hazırdır: "Biz həm raket-təyyarə ələkeçiriciləri (perexvatçiklər), həm də öz təcrübə və biliklərimizlə kömək edəcəyik".

Səfərinin sonunda Mark Rutte Ukraynanın sülhə can atdığını bir daha qeyd edib və Alyansın 32 müttəfiq ölkəsinin nümayəndələrinin Kiyevdəki iclasa qatılmasını yüksək qiymətləndirib: "Bu, Şimali Atlantika Alyansının tərəfdaşlığımıza olan sadiqliyinin və Ukraynaya verdiyimiz qətiyyətli dəstəyin bariz göstəricisidir".

NATO rəhbəri qeyd edib ki, görüşdə cəbhədəki mövcud vəziyyət və Ukraynanın qarşılaşdığı əsas çağırışlar müzakirə olunub. Rutte həmçinin xatırladıb ki, tərəfdaşlar Ukrayna ordusu üçün ABŞ-dan silah satın alınmasını nəzərdə tutan PURL proqramı çərçivəsində Kiyevə artıq təxminən 60 milyard dollar vəsait ayırıblar: "Bu dəstək gələcəkdə də davam edəcək".

Rasim

“AzPolitika.info”