Məlum olduğu kimi, artıq 2026-cı il FIFA Dünya Çempionatının başlamasına sayılı günlər qalıb.
Bu mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünya çempionatı iyunun 11-də start götürəcək və final oyunu iyulun 19-da baş tutacaq.
2026-cı il futbol üzrə dünya çempionatının L qrupu da turnirin ən maraqlı qruplarından biri kimi qiymətləndirilir.

2026-cı il dünya çempionatının L qrupunda əsas favorit İngiltərə millisi hesab olunur. Baş məşqçi Tomas Tuçelin rəhbərlik etdiyi komanda qrup mərhələsində Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.
İngiltərə seçmə mərhələni yüz faizlik nəticə ilə başa vursa da, final mərhələsində daha ciddi rəqiblərlə qarşılaşacaq.

Qrupun ən təhlükəli komandalarından biri 2018-ci il dünya çempionatının finalçısı, 2022-ci ilin bürünc medalçısı Xorvatiyadır. Komandanın heyətində 40 yaşlı Luka Modriçlə yanaşı Yoşko Qvardiol, Mateo Kovaçiç, Mario Paşaliç və Andrey Kramariç kimi təcrübəli futbolçular yer alır.

Qana millisi də sürpriz etməyə qadir komandalardan hesab olunur. Dünya çempionatına cəmi 72 gün qalmış baş məşqçisi Otto Addo ilə yollarını ayıran afrikalılar heyətində bir sıra ulduz futbolçulara malikdir. Komandanın əsas ümidlərindən biri "Mançester Siti"nin hücumçusu Antuan Semenyodur.

Qrupun autsayderi isə Panama sayılır. Mərkəzi Amerika təmsilçisi tarixində ikinci dəfə dünya çempionatına vəsiqə qazanıb. Bununla belə, komandanın növbəti mərhələyə yüksəlməsi sürpriz hesab olunacaq.
Qrupun ən maraqlı qarşılaşmasının İngiltərə–Xorvatiya oyunu olacağı gözlənilir. Komandalar daha əvvəl 2018-ci il dünya çempionatının yarımfinalında üz-üzə gəlmiş, əlavə vaxtda vurulan qolla Xorvatiya finala yüksəlmişdi.
Mütəxəssislər L qrupunda birinci yer uğrunda əsas mübarizənin İngiltərə və Xorvatiya arasında gedəcəyini proqnozlaşdırırlar. Bununla belə, yeni baş məşqçi Karlos Keyroşun rəhbərliyi altında Qana da qrupun taleyinə təsir göstərə biləcək komanda kimi qiymətləndirilir.
Proqnozlara görə, İngiltərə və Xorvatiya qrupdan çıxmağa ən yaxın komandalar hesab olunur.
"AzPolitika.info"

Şərhlər