Ukraynada davam edən müharibənin beşinci ilində Rusiya ordusunda hüquqi və sosial problemlər daha da dərinləşib. Cəbhədəki özbaşınalıq, qanunsuz səfərbərlik və ödənilməyən kompensasiyalar səbəbindən Rusiya Müdafiə Nazirliyi çoxsaylı məhkəmə çəkişmələrinin mərkəzinə çevrilib. Artıq təkcə şirkətlər deyil, müharibədə iştirak etmiş hərbçilər də kütləvi şəkildə nazirliyi məhkəməyə verirlər.
"AzPolitika" xəbər verir ki, “Kavkaz.Realii”nin araşdırmasına əsasən, 2026-cı ilin əvvəlindən Müdafiə Nazirliyinə qarşı 587 iddia qaldırılıb və ümumilikdə 5 milyard rubldan çox vəsait tələb olunur. Bundan başqa, hərbi məhkəmələrdə müqaviləli hərbçilərin qanunsuz şəkildə cəbhəyə göndərilmə, xidmətdən tərxis olunmaqdan imtina və ödənişlərlə bağlı şikayətləri də geniş yer tutur.
Qanunsuz saxlanma və ödənilməyən maaşlar
Volqoqrad vilayətindən olan müqaviləli hərbçi Tayfur Bekbulatov qondarma “DXR” ərazisində qanunsuz olaraq qauptvaxtda saxlanıldığı 9 ay üçün maaş və kompensasiya tələb edib. O, 2022-ci ilin mayında Ukraynaya göndərilib, cəmi beş gün sonra həbs olunub və yalnız 2023-cü ilin yanvarında azad edilib. Maraqlıdır ki, ona qarşı heç vaxt cinayət işi açılmayıb. Buna baxmayaraq, məhkəmələr onun iddiasını rədd edib.
Bir sıra işlərdə Müdafiə Nazirliyinin hərbçilərə səhvən köçürdüyü kompensasiyalar mübahisə mövzusuna çevrilib. Məhkəmələr qərara gəlib ki, ödənişlərin səhv hesablanmasına görə hərbçilər məsuliyyət daşımırlar.
Belə işlərdən biri 2023-cü ildə “DXR”də qumbaranın təsadüfən partlaması nəticəsində yaralanan üç hərbçi ilə bağlı olub. Onlara ödənilmiş 3 milyon rubl məbləğində kompensasiyanın qanunsuz verildiyi müəyyən edilsə də, məhkəmə vəsaitin geri alınmasına icazə verməyib. Oxşar qərar Dağıstandan olan hərbçi Maqomed Omarovun işində də qəbul edilib.
Müqavilədən çıxmaq demək olar ki, mümkün deyil
Qanunsuz çağırışlarla bağlı işlərdə hərbçilərin qələbəsi çox nadir hallarda mümkündür. Volqoqrad sakini Yevgeni Klimentyev sağlamlıq vəziyyətinə görə xidmətə yararsız sayılsa da, qısa müddət sonra səfərbər edilərək müharibəyə göndərilib. Sonradan məhkəmə onun qanunsuz çağırıldığını tanısa da, tələb etdiyi 1 milyon rubl əvəzinə cəmi 120 min rubl kompensasiya təyin edib.
“İdite lesom” layihəsinin eksperti İvan Çuvilyayev bildirir ki, Hərbi-Həkim Komissiyalarının fəaliyyəti formal xarakter daşıyır və çox vaxt xidmətə yararsız şəxslər belə cəbhəyə göndərilir. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, Putin səfərbərliyin dayandırılması barədə fərman verməyənədək bağlanmış müqavilələr faktiki olaraq müddətsiz hesab olunur.
Oxşar problemlə üzləşən Rostov sakini Aleksandr Lapenko ağır xəstəliyinə baxmayaraq xidmətdən azad edilməyib və xidmətə qayıtmaqdan imtina etdiyinə görə barəsində cinayət işi açılıb.
Həbsxana cəbhədən daha təhlükəsiz sayılır
“Vətəndaş və Ordu” təşkilatının rəhbəri Sergey Krivenkonun sözlərinə görə, son dövrlər minlərlə hərbçi qəsdən cinayət məsuliyyətinə cəlb olunmağa çalışır. Məqsəd isə cəbhədən uzaqlaşmaqdır.
Onun sözlərinə görə, bir çox hərbçi əmrləri yerinə yetirməkdən imtina edir və nəticədə 2–3 il həbs cəzası almağı müharibədə iştirakdan daha təhlükəsiz çıxış yolu hesab edir.
Tərxis olunmaq üçün qanuni əsasları olan hərbçilər də problemlərlə üzləşirlər. Səfərbər edilmiş Taymuraz Mamatov əlilliyi olan anasının yeganə himayəçisi olsa da, müxtəlif bürokratik bəhanələrlə ordudan buraxılmayıb. Eyni vəziyyət həyat yoldaşının daimi qulluğa ehtiyacı olan yefreytor Sergey Silçenkonun da başına gəlib.
Hüquq müdafiəçilərinin sözlərinə görə, hüquqlarını tələb edən hərbçilər çox vaxt cəza xarakterli şəkildə ən təhlükəli hücum bölmələrinə göndərilir.
Araşdırmada təqdim olunan məhkəmə sənədləri və faktlar göstərir ki, Rusiya ordusunda hüquqi müdafiə mexanizmləri ciddi problemlərlə üzləşib. Hərbçilərin şikayətlərinin böyük hissəsinin təmin olunmaması, xidmətdən tərxis prosedurlarının çətinləşdirilməsi və cəbhədən yayınmaq üçün həbsxananın çıxış yolu kimi görülməsi ordudakı böhranın miqyasını nümayiş etdirir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər