“ABŞ istəyir ki, İranla danışıqları bir nəticəyə çatdırsın. Vaşinqtonun məqsədi Hörmüz boğazının açıq qalması, İranın dəniz mühasirəsindən çıxarılması və beynəlxalq iqtisadiyyatda yaranmış problemlərin aradan qaldırılmasıdır”.
Bunu güneyli siyasi şərhçi Maşallah Rəzmi İran ilə İsrail arasında yaşanan son gərginliyi “AzPolitika”ya şərh edərkən deyib.
Siyasi şərhçinin fikrincə, İran hakimiyyətinin daxilində bu məsələ ilə bağlı üç fərqli mövqe mövcuddur: “Birinci mövqedə olanlar hesab edirlər ki, ölkə sülhə getməlidir, normal həyata qayıtmalı və yeni bir müharibəyə sürüklənməməlidir. Ümumilikdə dövlət strukturlarında da bu yanaşmaya meyil daha çoxdur. İkinci mövqeyə gəlincə, SEPAH daxilində bəzi qüvvələr var ki, onlar fərqli düşünürlər. Həmin qruplar hesab edirlər ki, İran danışıqlarda həmişə uduzub, amma müharibələrdə uğur qazanıb. Buna görə də onlar müharibənin davam etdirilməsinin tərəfdarıdırlar və düşünürlər ki, İran bu yolla daha çox nəticə əldə edə bilər. Üçüncü mövqe isə İran ordusunda olan bəzi dairələrə məxsusdur. Onlar nə tam sülhün, nə də tam müharibənin tərəfdarıdırlar. Hesab edirlər ki, hazırkı vəziyyət – nə müharibə, nə də sülh şəraiti bir müddət davam etməlidir və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi izlənilməlidir. Bu mövqedə olanların ümidləri ondan ibarətdir ki, əgər bu qeyri-müəyyən vəziyyət davam etsə, bundan ən çox zərər görən tərəf ABŞ olacaq”.
M. Rəzmi qeyd edib ki, qarşıdan ABŞ-də seçkilər gəlir və buna görə Vaşinqton bu məsələyə xüsusi həssaslıqla yanaşır: “Müharibənin davam etməsi ABŞ üçün əlavə siyasi problemlər yarada bilər. Məhz buna görə İran hakimiyyəti daxilində elə qüvvələr də var ki, onlar hazırkı vəziyyətin davam etməsini daha məqsədəuyğun hesab edirlər və düşünürlər ki, nə müharibə, nə sülh vəziyyəti onlar üçün daha sərfəlidir”.
Bununla belə, siyasi şərhçi vurğulayır ki, müharibə İran üçün çox ağır nəticələr doğurub: “Minlərlə insan həyatını itirib, ölkənin müxtəlif bölgələrinə minlərlə raket və bomba zərbəsi endirilib. Sənaye müəssisələri, xüsusilə istehsal və enerji obyektləri ciddi zərər görüb. Nəticədə milyonlarla insanın məşğulluğuna mənfi təsir yaranıb və ölkə iqtisadiyyatında ciddi problemlər meydana çıxıb. Hazırda nə tam sülh, nə də tam müharibə vəziyyəti mövcuddur və gələcək hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq asan deyil. Bu qeyri-müəyyənlikdən ən çox təsirlənən tərəf İran cəmiyyətidir”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər