Tanınmış rusiyalı milyarder, “Rusal” alüminium şirkətinin təsisçisi Oleq Deripaska Rusiya rublunun həddindən artıq möhkəmlənməsinin iqtisadiyyata böyük ziyan vurduğunu deyib. 

“AzPolitika” xəbər xerir ki, Deripaska Rusiya mediasında yayımlanan açıqlamasında Mərkəzi Bankın məzənnə siyasəti nəticəsində rublun möhkəmlənməsinin əmək bazarına böyük problemlər yaratdığını deyib və xəbərdarlıq edib ki, bu gedişlə rusiyalılar 3 milyon iş yerindən məhrum olacaqlar.

Qeyd edək ki, hazırda rublun məzənnəsi üç illik maksimuma çataraq bir dollar üçün 72 rubla yüksəlib və yanvar ayından bəri 8,6% möhkəmlənib.

"Bütün iş dünyası rublu dollara qarşı mənasız şəkildə möhkəmləndirməkdə israrlı olmağımızdan təəccüblənir. Bu, artıq Rusiya şirkətlərinin rəqabət qabiliyyətinin aşağı düşməsinə, büdcəyə 6 trilyon rubl zərərə, yüz minlərlə müəssisənin zərərlə işləməsinə və 3 milyon iş yerinin itirilməsi təhlükəsinə səbəb olub", - deyə Deripaska bildirib.

O əlavə edib ki, "nə Yaponiya, nə Koreya, nə də Çin - heç bir əsas ixrac iqtisadiyyatı öz milli valyutaları ilə bunu etməyib".

Qeyd edək ki, bundan öncə, 17 martda Deripaska rublu bir dollar üçün ən azı 105 rubl səviyyəsinə qədər zəiflətməyi təklif etmişdi.

“AzPolitika.info”